22 Dekabr 2024
Kateqoriyasız

“Şirin yuxu”

Azərbaycan futbolu xoşbəxt günlərini yaşıyır. Artıq stadiondan başıaşağı, məyus ayrılan yoxdur. Nəhayət ki, “İstefa” şüarları öz yerini “Azərbaycan”, “Azərbaycan” səsləri ilə əvəzlədi. Bəli, ölkəmizin iki komandası Avropanın ən nüfuzlu ikinci klub turnirindədi. Bu fəxrdi, qürürdu, amma ən əsası hələ başlanğıcdı…

“Qarabağ”

Bizə futbolda sevinməyi, qələbəni öyrədən addır… İllərdir futbolumuzda bütün göstəriciləri alt-üst edən , gözləniləndən də artığını verən, Avropada Azərbaycanı ən gözəl şəkildə təmsil edən klubdu “Qarabağ”. “Köhlən atlar” artıq bir Avropa brendidi. Onlar bunu ötən gecəki oyunları və qazandıqları nəticə ilə bir daha isbatladı.

Qurbanovun bu səfər ki, “qurbanı” “Yanq Boyz” oldu. Berndəki möhtəşəm qələbədən sonra məsələnin böyük ölçüdə həll olunduğu bəlliydi. Amma sən demə “köhlən Atlar” əsl şounu Bakıya saxlayıblar. Rəqibə ümidlənməyə belə imkan verməyən təmsilçimiz adını iki il ardıcıl olaraq Avropa Liqasının qruplarına yazdırdı. Artiq kim gəlir gəlsin, fərq etməz…  Əgər Qurbanov kimi sakit və bir o qədər səbrli məşqçiniz, Almeyda kimi meydanı oxuyan futbolçunuz, Reynaldo kimi texnikalı, oyunu daim həll edə biləcək, publikanı əyləndirən oyunçunuz varsa demək ki, siz çəkinməyəcəksiniz, sizdən çəkinəcəklər. Daha bundan sonra qruplarda “o gəlsin, bu gəlsin” söhbəti etməyə lüzum yoxdu. Onsuzda “Qarabağ” bizə istənilən rəqiblə oynaya biləcəyini göstərib.

“Qəbələ”

“Qarabağ”la başlayan qələbə seriyasını “Qəbələ” davam etdirdi. Gecənin bir başqa qəhramanıdı Qriqorçukun yetirmələri…

Oyundan əvvəl hər kəs rəqibin gücündən, azarkeşinin çılğınlıqından danışırdı. Lakin unutmuşdular… Unutmuşdular ki, “Qəbələ” ilk mərhələdən bu yana rəqiblərini əzə-əzə gəlib. Burda özünün əzilmək fikri isə qəti yox idi və belə də oldu.

Oyundan əvvəl Qriqorçukun “lazım olsa səhərə qədər də oynarıq” – açıqlaması, zarafat deyilmiş. Ermənipərəst yunanları öz meydanında məyus etmək bir başqadı. “Qəbələ” tarixi bir fərqli yazdı.

Qriqorçuklu “Qəbələ”, Qurbanovlu “Qarabağ” tarix yazdı. İlk dəfə iki Azərbaycan klubu Avroliqanın qrup mərəhləsində mübarizə aparacaq. QQQQ-lərin tarixi yuxu idi sanki. Bəlkə biz buna nə vaxtsa ümid edərdik, bəlkə də “şirin yuxu” kimi görərdik. Olsun, belə “yuxu”nu görməyə dəyər.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43