“Avro-2016″nın seçmə mərhələsinin oyunları ilə əlaqədar Azərbaycan Premyer Liqasında yaranmış fasilə səbəbilə Zaqatalaya toplanışa yollanan “Rəvan”nın yoxlama matçlarındakı rəqibləri bəlli olub.
İdmanxeber.com-un klubun rəsmi “Facebook” səhifəsinə istinadən yaydığı xəbərə görə, komanda sabah Zaqatala Olimpiya Kompleksinin stadionunda yeni mövsümdə I divizionda mübarizə aparacaq “Zaqatala” klubu ilə üz-üzə gələcək. Növbəti oyun isə Qəbələdə olacaq. Paytaxt təmsilçisi sentyabrın 2-i və ya 3-də şəhərin eyni adlı təmsilçisinin əvəzedici komandası ilə qarşılaşacaq.
Emin Quliyevin komandası hazırlıq dönəmində son oyununu Gürcüstan təmsilçisinə qarşı keçirəcək. Belə ki, “Rəvan” sentyabrın 5-də Tiflisdə qonşu ölkənin elita təmsilçisi “Saburtalo” ilə qüvvəsini sınayacaq.