“Neftçi”nin mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadənin dünən istefa ərizəsi yazaraq klubdan ayrıldığını xəbər vermişdik.
İdmanxeber.com-un məlumatına görə, Abbaszadə bu gün sosial şəbəkədə “Neftçi”dən ayrılma səbəbini yazıb. O, “ağ-qaralar”ın rəhbərliyinin özünə olan təzyiqlərini qələmə alıb:
“Əzizlərim, canlarım. Həyatda heç nə səbəsiz deyil və mənim də “Neftçi”dən ayrılma səbəbim var idi. Dünəndən dostlarım məndən səbəbləri soruşur, maraqlanır. Sağ olun, var olun.
Səbəblərə gəlincə, avqustun 1-dən rəsmən məzuniyyətdə(!) olan birinin işindən narazıdılar. Maraqlıdı, məzuniyyətdə olan adamın işindən necə narazı olmaq olar? Elnur Məmmədov Braziliyada olduğundan, narazılığı mənə Sadıq Sadıqov dönəmindən klubda tanıdığım, Tahir Sülaymanova ən yaxın insanlardan biri olmuş Mübariz Xudiyev demişdi. Mənə deyirdi ki, kluba təzyiqlər var, Tahir Süleymanov, Böyükağa Hacıyev, Elnur Əşrəfoğlu “Neftçi” haqda danışırlar, sən isə onların cavabını vermirsən. Mən isə bildirim ki, haqlı və ya haqsız olsalar belə, adı çəkilən insanlara mən cavab verə bilmərəm. Çünki onlarla uzun müddət bir yerdə işləmişəm, çörək kəsmişik. “Neftçi”də sabah olmayacağıq, amma yoldaşlığımız hər şeydən önəmlidi. Həmin dönəmdə mətbuat azarkeşlə bağlı bəyanata görə də qınamışdı klubu. Mən müəllifi olmadığım bəyanata görə niyə cavab verməli idim? İllərdi stadionda gördüyüm, 2014-cü ildə şəklini rəsmi “facebook” səhifəmizdə paylaşdığımız Nurlana necə kənar şəxs deyə bilərdim?
Hə, bir də məndən vaxtı ilə “Neftçi”nin fotoqrafı olmuş Bəkir Dəlləkova (Qazaxlı Bəkir) PFL-in verdiyi akkreditasiyanı ləğv etdirmək tələb olunurdu. Hansı əsasla? Əzizlərim, təbii ki, bunlar bəhanə idi.
Əslində, mən avqustun 22-də Mübariz Xudiyevlə söhbətimdə istefa vermişdim. Sadəcə, Elnur Məmmədov məndən özünün dönüşünü gözləməyimi istədi. Mən də gözlədim. Dünən görüşdük və… Bitdi. Canımı, qanımı verməyə hazır olduğum “Neftçi”dən ayrılmaq çox ağır gəlir mənə. Amma ondan da ağırı yaxınım bildiyim, əlindən tutduğum birinin… nə isə…
“Neftçi”də işlədiyim üçün peşmanam? Xeyr! 2 çempionluq, 2 kubok və Avroliqanın qrupu… Niyə peşman olum ki?”.