Millimizin kapitanı Rəşad Sadıqov “Avro-2016″nın seçmə mərhələsində Xorvatiya ilə 0:0 bərabərə qaldıqları görüşdən sonra jurnalistlərin suallarını cavablandırıb.
İdmanxeber.com-un məlumatına görə, təcrübəli futbolçu heç-heçəni belə şərh edib:
“Nə qədər gizlətsək də, on ay idi ki, bu oyunu gözləyirdik. Acı məğlubiyyətin əvəzini çıxa bilməzdik, amma əzmkar oyun sərgiləmək istəyirdik.
Böyük hesablı məğlubiyyətdən sonra bütün idman ictimaiyyəti və azarkeşlərin bizdən incidiyini bilirdik. Biz də səfərdəki uğursuzluğu unutdurmağa çalışdıq. Sona qədər mübarizə apardıq. Bəzi çatışmazlıqlar oldu ki, bu da təbiidir. Çünki qarşımızda ustalıq səviyyəsi yüksək olan bir komanda var idi. Əsas odur ki, məğlub olmadıq. Belə oyunlarda 1 xal da bizim üçün uğurdur”.
33 yaşlı futbolçu bu oyunda qazanılan bir xalın onun üçün çox önəmli olduğunu bildirib: “Artıq 33 yaşım var. Karyeramın sonuna yaxınlaşıram. Qarşıdakı illərdə yığmada oynayıb-oynamayacağımı bilmirəm. Ona görə də belə oyunlar mənə şirin gəlir və qazanılan uğurlu nəticələr bizi sevindirir. Qazanılan hər xal və yaxşı nəticə mənim üçün çox önəmlidir”.