Azərbaycan millisinin futbolçusu Bilal Sezər Avstriyaya məğlub olduqları oyunu şərh edib.
İdmanxeber.com-a açıqlama verən milliləşdiriən gənc futbolçu bunları deyib:
“Məncə, pis oynamadıq. Sadəcə, qol vura bilmədik. Oyunun əvvəlində yaxşı çıxış edirdik. Ötürmələr də yaxşı alınırdı. Amma vaxt ötdükcə konsentrasiya xətalarına yol verdik. Bu cür güclü rəqibə qarşı buna yol vermək olmazdı. Qol vura bilmədikdə bu cür güclü texnikalı rəqib 2-3 əks-hücumla sizi cəzalandırar. Müdafiədə daha kompakt oynamalıydıq. Amma bunu bacarmadıq. Artıq qarşıdakı oyunlara baxmaq lazımdır”.
Yarımmüdafiəçi daha sonra qarşıdakı turda qarşılaşacaqları Almaniya ilə oyuna da toxunub:
“Avstriyaya baxanda onların heyəti daha güclüdür. Bundesliqada çıxış edən təcrübəli futbolçuları var. Almaniyaya qarşı daha sıx, kompakt oynamağımız lazımdır. Konsentrasiyanı sona qədər yüksək səviyyədə saxlamalıyıq. Biz özümüzə güvənirik. Məncə, Almaniyaya qarşı daha yaxşı çıxış edəcəyik”.
Futbolçumuz ikinci komandasında oynadığı Münhenqladbax “Borussiya”sında əsas komandaya düşmək üçün əlindən gələni etdiyini deyib:
“Artıq bir müddətdir “Borussiya”nın əsas komandasında məşqlərə çıxıram. Amma əsas komanda ilə Bundesliqa matçına çıxmaq məncə, hələlik çətindir. Heyətdə böyük rəqabət var. Yeni Roys ola bilərəm? İnşallah üzərimdə çalışaraq, bir yerlərə çıxaram”.
Sonda isə əsas milli komandada forma geyinmək istədiyini deyən futbolçu sözlərinə belə davam edib:
“Əsas milli Xorvatiya ilə oyunda əla nəticə əldə etdi. A milli yaxşı mübarizə apardı. Mən hələ ki U-21 barədə düşünürəm. Bütün fikrim bu milli ilə bağlıdır. Azərbaycanı seçməyimə peşman deyiləm. Türkiyə və Almaniyanın əsas millilərindən təklif gələrsə, qaçaram? Gəlin, hələ tələsməyək. Hazırda Azərbaycan U-21 millisinin üzvüyəm”.