“Neftçi”nin Müsahidə Şurasının sədri Çingiz Abdullayev bir həftə öncə bir qrup media nümayəndəsi ilə keçirdiyi görüşdə kifayət qədər iddialı fikirlər səsləndirmişdi. Son günlər gündəmi zəbt edən 3 milyonluq borc söhbəti bir qırağa, Abdullayevin özünü Azərbaycan futbolunun xilaskarı kimi təqdim etməsini, yəqin ki, unutmamısız. Sitatı xatırlamağın zamanıdır:
“Bu yaxınlarda Azərbaycanda faciə baş verdi, jurnalist öldürüldü. Bu, böyük rezonansa səbəb olub. Hadisənin futbolla bağlı olduğunu hər yerdə bilirlər. Mən Azərbaycan PEN-klubunun prezidentiyəm. PEN-klub jurnalistləri və yazıçıları bütün dünyada müdafiə edən çox nüfuzlu təşkilatdır. İranda bizim şairlərimizdən 2 nəfəri saxlayanda PEN-kluba müraciət etdik, məhkəməni dayandırdılar və onları buraxdılar. Son hadisəyə gəlincə, beynəlxalq PEN-klub məndən tələb etdi ki, Azərbaycan PEN-klubunun rəhbəri kimi müraciətə qol çəkim ki, Azərbaycan klubları 3 illik beynəlxalq yarışlardan kənarlaşdırılsınlar. Onlar təzyiq edərək “Qəbələ” ilə “Qarabağ”ı Avropa Liqasından uzaqlaşdırmaq istəyirdilər. Təcili zəng vurdum AFFA-ya və məsləhətləşdik. Mənə bildirildi ki, məsələnin əsl mahiyyətini beynəlxalq PEN-kluba izah etmək lazımdır. Mən orda da bildiridim ki, Azərbaycan prezidenti İlham Əliyev bu məsələni rəsmi olaraq pisləyib və cinayət işi açılıb. Jurnalistin ölümündə günahkar olanlar və hətta şübhəli bilinənlər hamısı həbs ediliblər. Bu təşkilat UEFA-ya müraciət etsəydi, Mişel Platini elə həmin gün klublarımızın hamısını üç illik cəzalandırmaq barədə qərar çıxaracaqdı. Amma biz vaxtında bu məsələni bağlaya bildik. Fikrimcə, Azərbaycan futbolu üçün böyük iş gördük”. (azerisport.com)
Açığı, bu açıqlama elə ilk oxunuşdaca ağlabatan deyildi. Necə ola bilər ki, qeyri-hökumət təşkilatı səviyyəsindəki bir qurum Avropanın ali futbol qurumuna cəza vermək təşəbbüsünün ötürməsini etsin? Dedik və PEN-klubun rəsmi saytındakı axtarış bölməsini Çingiz bəyin adının bir çox dillərdəki yazılışını “search” etdik. Nəticə? Yekə bir sıfır! Düşündük ki, ola bilər, bu da qərblilərin şərqlilərə qarşı növbəti təxribatıdır, axı necə ola bilər ki, 3 il bundan əvvəl bizim ictimai-siyasi mediamız Abdullayevin sözügedən qurumun Azərbaycan nümayəndəliyinin prezidenti seçilməsi barədə xəbərlər yaymışdı və indi bu adamın adı ilə Pen-klubun rəsmi veb-səhifəsində bir dənə də olsun cümlə yoxdur?! Eləmədik tənbəllik və Pen-kluba sorğu göndərdik. Yazdıq ki, “a bəylər, bəs sizin qurumun Azərbaycan nümayəndəliyinin prezidenti iddia edir ki, jurnalist Rasim Əliyevin ölümü ilə bağlı müzakirə aparıb UEFA-nın qarşısında klublarımızın cəzalandırılması tələbini qoymaq istəmisiz. Amma və lakin Çingiz Abdullayevin ciddi-cəhdlərinizdən sonra bu sevdanız baş tutmayıb. Bəs deyin görək, bunu nə məqsədlə edirdiz və sizin, ümumiyyətlə, UEFA və ya digər ali qurumlar qarşısında bu cür (cəzalandırmaq) tələb qoymaq səlahiyyətiniz varmı?”
Pen-klubdan cavab gəlib və… Yaxşısı budur, burda şərhi dayandıraq və sözü verək sorğumuzu cavablandıran Pen-klubun Şöbələr və komitələr rəhbəri Pol Fineqana.
Hörmətli Elvin,
Mәktubunuz üçün tәşәkkür edirik.
Tәәssüflә qeyd etmәliyәm ki, ortada yanlış anlaşılma var. PEN International-ın hazırda Azərbaycanda heç bir nümayəndəliyi yoxdur. Bundan başqa, mәn Çingiz Abdullayevlә heç vaxt kontaktda olmamışam vә bu insanla, ümumiyyәtlә, tanış deyilәm.
Әgәr Siz kimdәnsә Azәrbaycan PEN-in nümayәndәsi olması haqqında iddia eşitmisinizsә, xahiş edirәm, mәnә bildirin, mәn onlarla danışacağam.
Hörmәtlә, Pol Fineqan
PEN International
P.S. İş gününün sonu olduğundan, Çingiz Abdullayevin bu məktuba münasibətini öyrənməyi sabaha saxladıq.
Saleh Arslan (korner.az)