22 Dekabr 2024
Kateqoriyasız

Stadnik finalda, Olimpiadaya daha iki lisenziya qazandıq

Amerika Birləşmiş Ştatlarının Las Veqas şəhərində 2016-cı ildə Braziliyanın Rio-de Janeyro şəhərində keçiriləcək 31-ci Yay Olimpiya Oyunlarına ilk lisenziyaların qazanıldığı güləş üzrə Dünya çempionatı davam edir.

İdmanxeber.com-un Güləş Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, üçüncü yarış günündə yunan-Roma güləşi üzrə 85 kq, qadın güləşi üzrə 48, 53 və 69 kq çəkidə idmançılar mübarizəyə qoşulub.


Kişi, 85 kq

Dünya çempionatının gümüş mükafatçısı Saman Təhmasimi 1/16 final mərhələsində Braziliya təmsilçisi Brandao Santla qarşılaşıb. Rəqibinə 8:0 hesabı ilə qalib gələn Təhmasibi 1/8 finala adlayıb. Təmsilçimiz bu mərhələdə Bolqarıstan güləşçisi Hristo Diyanov Marinovla üz-üzə gəlib. Görüş idmançımız üçün uğursuz başlayıb. 0:3 hesabı ilə geridə olan Təhmasibi yekunda rəqibindən üstün olub – 7:3. 
Əzmkar qələbə ilə 1/4 finala adlayan təmsilçimiz bu mərhələdə rusiyalı idmançı Davit Çakvetadze ilə güləşib. Bu görüşdə 8:0 hesabı ilə qələbə qazanan Təhmasibi yarımfinala adlamaqla yanaşı, Rio-de Janeyro Olimpiyadasına da vəsiqəni təmin edib. İdmançımız finala gedən yolda ukraynalı Jan Belenyukla qarşılaşıb. Rəqibinə 1:3 hesabı ilə uduzan Təhmasibi bürünc medal uğrunda yarışacaq.
  


Qadınlar, 48 kq

Avropa Oyunlarının qalibi Mariya Stadnik ilk görüşündə hollandiyalı Jessika Blazka ilə güləşib. Rəqibini 11:0 hesabı ilə məğlub edən Stadnik 1/8 finala yüksəlib. Bu mərhələdə Peru idmançısı Taliya Jihan Malqui Peçeyə 10:0 qalib gələn güləşçimiz 1/4 finala adını yazdırıb. Burada Qazaxıstan təmsilçisi Tatyana Amanjol-Bakatyuku 11:3 hesabı ilə məğlub edən Stadnik Rio-de Janeyro Olimpiyadasına vəsiqəni təmin edib. Güləşçimiz yarımfinalda Çin təmsilçisi Hui Li ilə münasibətlərinə aydınlıq gətirib. Bu görüşdə 4:0 hesablı qələbə qazanan Stadnik finala yüksəlib. O, qızıl medal uğrunda görüşdə yaponiyalı Eri Tosaka ilə yarışacaq.  


53 kq

Digər qadın təmsilçimiz Anjela Doroqan 1/16 finalda çexiyalı Lenka Hoçkova Martinova ilə qarşılaşıb. Rəqibi üzərində 5:0 hesablı qələbə qazanan Doroqan 1/8 finala adlayıb. O, bu mərhələdə portuqaliyalı Qomez Querreyro ilə münasibətlərinə aydınlıq gətirib. Rəqibini 11:0 hesabı ilə üstələyən güləşçimiz 1/4 finala yüksəlib. Onun rəqibi yaponiyalı Saori Yoşida olub. Doroqan bu görüşdə rəqibinə heç bir müqavimət göstərə bilməyib – 0:11. Yoşida finala qədər irəlilədiyi üçün Doroqan təsəlliverici görüşdə iştirak etmək hüququ qazanıb. O, bu görüşdə Viyetnam təmsilçisi Ti Lua Niquenlə qarşılaşacaq. 


69 kq

Bu çəki dərəcəsində ölkəmizi Elis Manolova təmsil edib. 1/16 finalda qazaxıstanlı Elmira Sizdikova ilə güləşən Manolova rəqibinə 3:4 hesabı ilə uduzub.


Qeyd edək ki, ilk iki yarış gününün yekunlarına əsasən güləşçilərimizdən Rövşən Bayramov (59 kq), Elvin Mürsəliyev (75 kq) və Sabah Şəriəti (130 kq) Olimpiya Oyunlarına vəsiqə əldə edib. Rəsul Çunayev (71 kq) qızıl, Rövşən Bayramov (59 kq) gümüş medala yiyələnib. 

Məlumat üçün bildirək ki, Las Veqasda keçirilən dünya çempionatında 2016-cı il Rio-de Janeyro Yay Olimpiya Oyunlarına ilk lisenziyalar qazanılır. Çempionatda yunan-Roma güləşi üzrə, 59, 66, 75, 85, 98 və 130 kq, qadın güləşi üzrə 48, 53, 58, 63, 69 və 75 kq, sərbəst güləş üzrə isə, 57, 65, 74, 86, 97 və 125 kq çəki dərəcələrində ilk 5 yeri tutan idmançılar Olimpiadaya birbaşa vəsiqə əldə edir. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43