Azərbaycan yığmasının müdafiəçisi Ruslan Abışovun İdmanxeber.com saytına müsahibəsi
– AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində son oyun Bolqarıstana qarşı olacaq. Bu oyunla bağlı nə deyə bilərsiniz?
– Çətin oyun olacaq. Amma biz nəticə qazanmaq istəyirik.
– Rəqib komandanın baş məşqçisi İvaylo Petev gənclərə şans verəcəyini deyib. Bu, yığmamız üçün üstünlük sayıla bilər?
– Həmin oyunçular yığmaya çağırılıblarsa, deməli, buna layiqdirlər. Yığmaya həmişə hazırlıqlı futbolçular dəvət olunur. Meydana kimin çıxmasından asılı olmayaraq, hər kəs özünü yaxşı tərəfdən göstərmək istəyir.
– Yığmamızdan Bolqarıstan üzərində qələbə gözləməyə dəyər?
– Bu, futboldur. Mümkünsüz heç nə yoxdur. Biz meydana uğurlu nəticə üçün çıxacağıq.
– Bolqarlar son turda Xorvatiyaya 0:3 hesabıyla uduzublar…
– Onlar da uduzublar, biz də. Turnir cədvəli baxımından bu oyun xüsusi əhəmiyyət daşımır. Amma tsikli uğurlu nəticə ilə başa vuracağımıza ümidliyik.
– Bədavi Hüseynovun İtaliya ilə oyunda qırmızı vərəqə alacağını gözləyirdiniz?
– Covinko sürətli futbolçudur. Fikrimcə, hakim qırmızı vərəqə göstərməyə də bilərdi. Çünki Maksim Medvedev topa çatırdı. Belə alındı. Lakin Bədavi yığmamız üçün çox dəyərli futbolçudur.
– Böyük ehtimalla bolqarlarla görüşdə Bədavini siz əvəzləyəcəksiniz. Buna hazırsınız?
– Əlbəttə. Mənə şans versələr, meydana çıxıb komandamıza kömək etməyə hazıram. Robert Prosineçkinin etimadını doğrultmağa çalışacağam.
– Rəşad Sadıqovla yanaşı oynamağı unutmamısınız?
– Onunla uzun müddət birgə çıxış etmişik. Bir-birimizi yaxşı başa düşürük. Amma Bədavi ilə Rəşad "Qarabağ"da da birgə oynayırlar. Təbii ki, bu baxımdan onların tandemi daha uğurludur. Özümü yaxşı tərəfdən göstərməyə və komandamıza faydalı olmağa çalışacağam.
– Yığmada 100-cu oyununu keçirən Rəşad Sadıqov milli karyerasını başa vurmağı düşünür. Sizcə, o, komandada qalmalıdır?
– Rəşadın liderlik keyfiyyətləri var. O, bizim kapitanımızdır. Mən Rəşadın millidən getməsini istəməzdim. Onun yığmada olması bizi çox güclü motivasiya edir. İstərdim ki, Sadıqov yığmadakı karyerasını davam etdirsin.