UEFA “Qəbələ” klubunun Avropa Liqasındakı oyunlarından öncə “Bakcell Arena”dan istifadəyə qadağa qoyub.
İdmanxeber.com-un “Report”a istinadən yaydığı məlumata görə, qadağa meydanın ot örtüyünün vəziyyəti ilə bağlı olub.
Örtüyün yüklənmə nəticəsində ağır duruma düşəcəyi qənaətinə gələn qurum nümayəndələri arenada Avroliqa ərəfəsində Azərbaycan Premyer Liqası matçlarının keçirilməsinə icazə verməyib. Bu səbəbdən, VIII turun “Neftçi” – “Qəbələ” matçı “Bakcell Arena”da deyil, İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda keçiriləcək.
UEFA hələ “Qəbələ”nin sentyabrın 17-də Yunanıstan PAOK-u ilə keçirdiyi ilk tur matçından öncə bu stadiondan istifadə edilməsini məqsədəuyğun saymayıb. Amma qitə futbol qurumu həmin ərəfədə – sentyabrın 3-də heç də az əhəmiyyət kəsb etməyən AVRO-2016-nın seçmə qrup mərhələsinin Azərbaycan – Xorvatiya oyununun “Bakcell Arena”da keçirilməsinə mane olmaq istəməyib.
Qeyd edək ki, “Qəbələ” Avroliqada növbəti ev oyununu oktyabrın 22-də Almaniyanın “Borussiya” (Dortmund) komandası ilə keçirəcək. Bu görüşdən 5 gün öncə isə “qırmızı-qaralar” İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda “Neftçi”nin qonağı olacaq.