22 Dekabr 2024
Kateqoriyasız

Rafael Santos: “Borussiya”yla Bakıdakı matçda oynamaq istərdim”

“Çernomorets”lə Odessadakı yoldaslıq görüsündə diz nahiyəmdən zədələndim. Bundan sonra bərpa olunaraq, bərpa prosesi keçirəm. Artıq fərdi məşqlərə başlamışam. Ayağımda, az da olsa, ağrılar hiss edirəm. Ancaq düşünürəm ki, yaxın vaxtda hazır ola biləcəyəm”.

İdmanxeber.com-un məlumatına görə, bu fikirləri “Qəbələ İK”ya açıqlamasında braziliyalı müdafiəçimiz Rafael Santos deyib.

Millinin oyunları ilə əlaqədar hələ sentyabrda yaranan fasilə zamanı zədələnən 31 yaşlı legioner 1 aydan artıqdır oynamır. Bu üzdən futbolçumuz qrup mərhələsində meydana çıxa bilmir. Son rəsmi matçını Avropa Liqasının pley-off mərhələsində, avqustun 20-də “Panatinaikos”la Bakıdakı oyunda keçirən Rafael elə həmin matçda aldığı sarı vərəqəyə görə Afi nadakı cavab matçını buraxmalı olmuşdu. Santosun fikrincə, bu ayın sonunda komandayla birgə məşq edə biləcək:

“Mənə qalsa, indi də meydana çıxmağı düşünürəm. Şəxsən özüm “Borussiya”yla Bakıdakı matçda oynamaq istərdim. Ancaq tək mənim istəyimlə iş bitmir. Həkimlərin də məsləhətinə qulaq asmaq lazımdır. Əlbəttə, “Borussiya” kimi güclü rəqiblə oyunlarda iştirak etməyi çox istəyirəm. Ümumiyyətlə, qrup oyunlarında debütümü səbirsizliklə gözləyirəm”.

Təcrübəli futbolçu “Qəbələ”nin Avropa Liqasının qrup mərhələsində çıxışıyla bağlı bunları dedi:

“Oynamadığım matçları televiziyadan izləmişəm. Deyə bilərəm ki, “Qəbələ” qrupda da yaxşı təsir bağışlayır. Bu da komandamızın heyətində səviyyəli futbolçuların olmasıyla bağlıdır. İnanıram ki, qrup mərhələsini də keçib, 1/16 finala çıxa biləcəyik”.

2014-cü ilin yanvarından “Qəbələ”nin şərəfi ni qoruyan legioner sonda qəzetin 100-cü sayının çıxması ilə bağlı fikirlərini və təbrikini dilə gətirdi:

“Qəzetdə yazılanları başa düşməsəm də, hər sayına baxıram. Xüsusilə, öz şəkillərim, haqqımda gedən məlumatlarla maraqlanıram. Klubun qəzeti haqda komanda yoldaşlarımdan soruşmuşam. Hamısı deyir ki, orada çalışanlar çox peşəkardır, işlərini yaxşı bilirlər. 100-cü say münasibətilə hər birinizi təbrik edirəm. Uğurlarınız davamlı olsun. İnanıram ki, belə də olacaq. Şəkillərim olan qəzetlərin hamısını Braziliyaya aparıram. Yerlilərimə göstərirəm ki, baxın, bizim klubun qəzeti var, orda mənim haqqımda yazıblar. Oğlum da qəzetlə maraqlanır. Doğrudur, son vaxtlar baxmır, çünki atası oynamadığından haqqında məlumat, şəkil yoxdur (gülür). Odur ki, bu açıqlamamın 100-cü nömrədə çıxması mənim üçün əlamətdar, sevindirici oldu. Şəklim olan yubiley sayınızı oğluma hədiyyə aparıb onu sevindirəcəyəm”.

Mehman KAMİLOĞLU


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43