“Qəbələ” UEFA Avropa Liqasının qrup mərhələsinin 5-ci turunun PAOK-la (Saloniki, Yunanıstan) oyununun hazırlıqlarına start verib.
İdmanxeber.com-un məlumatına görə, Premyer Liqanın 13-cü turunun noyabrın 21-də “Sumqayıt”la səfərdə keçirilən oyunundan (2:2) sonra məşqlərinə 1 günlük fasilə verən “qırmızı-qaralar” hazırlıqlarını bərpa edib.
Komanda ötən gün Qəbələdə məşq keçib. Son görüşdə iştirak edənlər fiziki hazırlıqla kifayətlənibsə, digər oyunçular topla məşq edib. Bu gün “qırmızı-qaralar” Qəbələ şəhər stadionunda növbəti məşqini gerçəkləşdirəcək. Hazırlıq prosesi səhər baş tutacaq. “Qəbələ” Salonikiyə noyabrın 25-də yollanacaq. Oyunöncəsi son məşq də qarşılaşmanın keçiriləcəyi arenada baş tutacaq.
Xatırladaq ki, qrupda son səfər oyununa çıxacaq komandamızın PAOK-la noyabrın 26-da baş tutacaq qarşılaşması Bakı vaxtı ilə saat 00:05-də başlayacaq.