PFL-in klublara borclarına görə transfer qadağası qoyduğu barədə məlumat vermişdik. Klub rəsmiləri isə bu borcları AFFA-nın onlara yayım hüququna görə verməli olduğu məbləğdən ödəcəyəklərini bildirmişdilər.
İdmanxeber.com “qafqazinfo”ya istinadən xəbər verir ki, məsələ ilə bağlı AFFA-dan da reaksiya gəlib. Federasiyanın mətbuat xidmətinin rəhbəri Mikayıl Nərimanoğlu klublara bu pulu borcları çıxıldıqdan sonra ödəniləcəyini deyib: “2015-ci ilin sonunda Klublar Komitəsinin iclasında bu məsələlər müzakirəyə çıxarılıb. AFFA yayım hüququna görə hər kluba 70 min manat ödəməlidir. Lakin komitənin iclasında belə qərara alındı ki, klubların mühasibləri AFFA və PFL-in mühasibləri ilə görüşüb bunu müzakirə etsinlər. Hansı klubun federasiyaya və PFL-ə borcu varsa, həmin puldan çıxılsın və qalanı onlara ödənsin. Kimin borcu yoxdursa, tam məbləğ onlara verilsin. Amma onu da qeyd edək ki, elə klub var onun borcu 70 mindən çoxdur. Bu məsələ yaxın günlərdə müzakirə olunacaq”.