“Neftçi”nin Müşahidə Şurasının sədri Çingiz Abdullayevin şəxsi “feysbuk” səhifəsində etdiyi paylaşım son günlərdə ölkənin idman mediasında müzakirə mövzusuna çevrilib.
İdmanxeber.com-un məlumatına görə, mövcud vəziyyətə aydınlıq gətirmək və ictimaiyyəti məlumatlandırmaq məqsədiylə “Neftçi” PFK bəyanat yayıb.
Bəyanatı olduğu kimi təqdim edirik:
1. Çingiz Abdullayev bir sıra ictimai təşkilatlara rəhbərlik etməklə yanaşı, “Neftçi” PFK-nın Müşahidə Şurasının sədridir. Çingiz Abdullayevin “feysbuk”dakı paylaşımında yer alan “4 uşaq atasının ixtisara salınması haqqında sənədə qol çəkə bilməzdim” fikrinin “Neftçi” PFK-ya heç bir aidiyyatı yoxdur. Bu məsələdə klubun adının hallandırılması düzgün deyil.
2. “Neftçi” PFK-ya işçilərin işə qəbul edilməsi və yaxud onların işdən kənarlaşdırılması klubun Müşahidə Şurası sədrinin və üzvlərinin səlahiyyətlərinə daxil deyil. Müşahidə Şurası klubun işçi ştatını, struktur cədvəlini təsdiq edir.
3. Klubun yeməkxanasındakı 5 əməkdaşın işdən kənarlaşdırılması haqqında deyilənlər isə tam əsassızdır. Bildiririk ki, yeməkxanada çalışan 5 yox, 2 əməkdaş (aşpaz və mətbəx üzrə cavabdeh şəxs) 30.04.2015-ci il tarixində məhz öz xahişləri ilə işdən çıxıblar.
4. “Neftçi” PFK komanda üzvlərinin və işçilərin qida təminatını həyata keçirmək və eyni zamanda maliyyə xərclərinin optimallaşdırılması məqsədi ilə qida təminatçısı olan podratçı şirkətlə müqavilə imzalayıb. Nəticədə qida üçün ayrılan maliyyə vəsaitinə qənaət edilməsi ilə yanaşı, klubun bazasında bütün əməkdaşların yeməklə təminatı mümkün olmuşdur.