“Hollandiyanın oyun dəst-xətti haqda geniş məlumata sahib deyilik. Amma birinci oyuna qədər lazımi informasiyanı əldə edəcəyik”.
İdmanxeber.com AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bunu futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Tino Peres deyib.
Bu gün Serbiyada dünya çempionatının pley-off mərhələsinin püşkatma mərsimi keçirilib. Yığmamız püşkün nəticəsinə əsasən, Hollandiya millisinə rəqib olub.
Tino Peres hollandlar barədə ətraflı məlumata malik olmadıqlarını söyləyib: “Hollandiya yığmasının heyətində Mərakeş əsilli futzalçılar çoxluq təşkil edir. Yalnız son oyunlardakı nəticələri haqda məlumatlıyıq. Şanslara gəldikdə, 50-nin 50-yə – bərabər dəyərləndirirəm. Birinci matçdan sonra yekun fikir bildirmək olar. İlk oyunu səfərdə keçirəcəyik ki, bunu da komandamız üçün əlavə üstünlük hesab edə bilərik”.
Qeyd edək ki, pley-off mərhələsinin oyunları martın 22-də və aprelin 12-də keçiriləcək. Kolumbiyada baş tutacaq final mərhələsi isə sentyabrın 14-dən oktyabrın 2-dək davam edəcək.