27 Noyabr 2024
İdman

“Bilirdik ki, “başımız ağrıyacaq” – Maksim Medvedev

“Səbail”i yaxşı analiz etmişdik. Bilirdik ki, fiziki cəhətdən güclüdürlər. Oyun başlayanda çox yaxşı hərəkətdə olduq, bir-birimizi axtardıq, epizodlar yaratdıq. Təəssüf ki, qırmızı vərəqə işimizi korladı. Amma ruhdan düşmədik. Daha aqressiv, sürətli oynamağa başladıq. Nəticədə 3 xal qazana bildik”.

Idmanxeber.com-un məlumatına görə, bu sözləri “Qarabağ”ın müdafiəçisi Maksim Medvedyev Azərbaycan Premyer Liqanın X turunda “Səbail”ə qalib gəldikləri oyundan (1:0) sonra deyib.

Təcrübəli futbolçu oyunun sonlarına doğru Dani Kintananın rəqib cərimə meydançasında yerdə qaldığı epizodda baş hakim Rəvan Həmzəzadənin mübahisəli qərarına münasibət bildirib: “Futboldu, ani bir şey olur, görürük, etiraz edirik. Daha dəqiqini televiziyadan görürlər. Penaltiyə oxşar epizod idi. Ona görə uşaqlar hakimin üstünə getdilər. Amma heç kim deyə bilməz ki, orda nə baş verib. Çünki hamı epizoda bir az uzaq idi. Qalib gəlmək istəyirdik. Ona görə uşaqlar hakim tərəfə gedirdilər. Onları da başa düşmək olar. 90 dəqiqə ərzində top daha çox bizdə qaldı. Qol vurub, qalib gəlmək istəyirdik”.

Medvedyevin sözlərinə görə, komandası meydana arxayın çıxmamışdı: “Heyətimizdə zədəli oyunçular var idi. Hətta bəzi mövqelərdə dəyişikliklər olmuşdu, çoxdan oynamayan futbolçular meydana çıxmışdı. Ona görə bir az anlaşılmazlıq var idi, bir-birimizi başa düşməkdə çətinlik çəkirdik. Demək olmaz ki, uşaqlar rahatlaşmışdılar. Matçdan qabaq baş məşqçimiz oyunun əhəmiyyətini yetərincə başa salmışdı. Bilirdik ki, “başımız ağrıya bilər”, elə də oldu”.

Zədəsinin sağaldığını bildirən Maksim Çempionlar Liqasının qrup mərhələsinin IV turunda “Atletiko” ilə səfər oyununda daha yaxşı oynayacaqlarını söyləyib: “Bütün fikrim “Atletiko” ilə oyunda idi. Bu matçda meydana çıxıb-çıxmayacağım sual altında idi. Yaxşı olacaq. Zədəm çox incitmədi. O matçda daha yaxşı çıxış edəcəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43