İdman

Əfran İsmayılov: “Düşünürdüm ki, mənim zərbə nöqtəmdir”

“Qarabağ”ın yarımmüdafiəçisi Əfran İsmayılov Topaz Premyer Liqasının 10-cu turunda “Səbail” üzərində 1:0 hesablı qələbədən sonra jurnalistlərin suallarını cavablandırıb. İdmanxeber.com-un məlumatına görə, cərimə zərbəsindən vurduğu gözəl qolla komandasına qələbə qazandıran futbolçu oyunla bağlı fikirlərini bildirib.

– Meydana sonradan daxil oldun və qələbə topunu vurdun. Bu, “Atletiko” ilə oyun öncəsi hazır olduğuna dair mesaj deyildi?

– Əsas məqsəd “Səbail” üzərində qələbə qazanmaq idi. Bu gün (dünən – red.) “Atletiko”nu düşünmürdük. Hələ Madriddəki oyuna 4 gün var. Bu gün (dünən – red.) isə görüş 0:0 hesabı ilə bitməyə doğru gedirdi. Son dəqiqələrdə vurduğumuz qolla qələbə qazandıq. Doğrudan da çox istəkli, çox yaxşı komandaya qarşı oynayırdıq. “Səbail” yeni yaransa da, liderə qarşı gücünü göstərdi. Maraqlı rəqabət gedir. Deyirlər ki, çempionatımız zəifdir. Amma gördüyünüz kimi, bu, heç də belə deyil. Hamı deyirdi ki, “Qarabağ” bir ayaqla qalib gələcək. Lakin çox çətin, ağır oyun oldu. “Atletiko” ilə qarşılaşmada kimin oynayacağına isə baş məşqçimiz Qurban Qurbanov qərar verəcək. Kim meydana çıxsa, əlindən gələni etməlidir. Çünki Madriddə tam fərqli ab-hava olacaq.


– Cərimə zərbəsini yerinə yetirdiyin vaxt qol olacağına inanırdın?

– Düşünürdüm ki, mənim zərbə nöqtəmdir. Riçard və Dani solaxaydırlar. Topa Dani yaxınlaşmaq istəyirdi. Amma ondan xahiş etdim ki, qoy, mən vurum. O da razılaşdı. Vurdum və qol oldu. Burada qeyri-adi bir şey yoxdur.


– “Atletiko”nu düşünmədiyinizi dedin. Amma hər halda belə rəqibi düşünməmək olmaz…

– Elə rəqibləri düşündüyümüz üçün çempionat oyunlarımız bu cür çətin keçir. Fikrimiz orada qalır. Nəticədə oyunlarımız çətin alınır. Əsas fikrimiz “Səbail”lə oyunda idi. Sevinirik ki, qələbə qazandıq. Bundan sonra “Atletiko” ilə səfər görüşünü fikirləşə bilərik.


– Hakimlik barədə nə deyə bilərsən?

– İndiyədək bu haqda çox danışmamışam. Baş hakim nə qərar verirsə, deməli, doğrudur. Hər yerdə – burada da, Avropa da hakim səhvi olur. Heç bir problem yoxdur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43