Ölkə futbolu

“Qəbələ” üçün I Liqada da oynayaram” – Ülvi İsgəndərov

“Əməliyyatım çox yaxşı keçdi. 30 dəqiqəlik əməliyyat idi. Bu gün axşam Bakıya qayıdacam. 2-3 həftəyə məşqlərə başlayaram”.

Bu sözləri İdmanxeber.az saytına “Qəbələ”nin hücumçusu Ülvi İsgəndərov Türkiyədə qasıq yırtığından keçirdiyi əməliyyat barədə danışarkən deyib. O, “qırmızı-qaralar”ın mövcud vəziyyətindən də söz açıb:

“Durumumuz yaxşı deyil. Mövsümü çox pis keçiririk. Premyer Liqada qalmaq üçün ümidimiz AFFA-yadır. Təəssüf ki, heç cür çətin vəziyyətdən çıxa bilmədik. Son ümidimiz kubok idi, orada da məğlub olduq. Çox istərdim ki, “Zirə” ilə oyunda meydanda olum. Bəlkə də qol vura bilərdim. Çünki “Zirə”yə qarşı bəxtim gətirir (gülür). 

27 yaşlı hücumçu bölgə təmsilçisindəki gələcəyindən də söz açıb:

Klubla müqaviləm olsa da, komanda I Liqaya düşsə, sözləşməm ləğv edilir. Amma ehtiyac olsa, məni komandada görmək istəslər qalmağa hazıram. “Qəbələ” üçün I Liqada da oynayaram. Çünki 12 yaşımdan bu klubdayam. “Qəbələ” mənim ikinci evimdir. Klubu bu duruma biz salmışıqsa, biz də düzəlməliyik”.

Həsən Quluzadə

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43