AFFA yanında Media Komitəsinin layihə müsabiqəsində qalib olan İdmanxeber.com saytının “Yığma” mövzusu çərçivəsində hazırladığı 6-cı yazı.
DÇ-2018-in seçmə oyunlarında elə də uğurlu qrafik cızmayan, sadəcə aktivinə 10 xal yazdırmaqla ilki reallaşdıran milli komandamızın “tskıl”da keçirdiyi oyunları təhlil etmişik. Robert Prosineçkinin komandası meydana çıxdığı 5 oyunda rəqib qapılarından ümumilikdə 10 qol keçirdisə, 19 dəfə öz çərçivəsinin toxunulmazlığını qoruya bilmədi. AVRO 2016-nın seçmə oyunlarından fərqli olaraq, rəqib qapılarına yol tapmaq sayısı 3 dəfə daha yaxşı, məhsuldar olsa da, son “tskıl”da qapımızda daha çox top buraxmışıq. Belə ki, AVRO 2016-da rəqiblərimiz komandamızı 18 dəfə cəzalandırmışdısa, DÇ-2018-in seçmə oyunlarında 19 dəfə oyuna mərkəzdən başlamağa məcbur olmuşuq.
Bəs görəsən, qapı xəttində yaranan problemi aradan qaldırmaq üçün nə etməli? 2008-ci ildən bu yana yığmanın şərəfini qoruyan, 68 dəfə milli komandamızın çərçivəsini qoruyan Kamran Ağayevin əvəzləyicisini tapmağın vaxtı gəlmədi? Ümumiyyətlə, bu ad kim ola bilər? Bu barədə bir qədər sonra. Əvvəlcə son 9 ildə millimizin qapısını əmanət etdiyimiz Kamran Ağayevin qısa tarixçəsini xatırlayaq…
AVRO 2008-in seçmə oyununda səfərdə Uelsə qarşılaşmada qapını təhvil alan və həmin görüşdə etdiyi seyvlərlə, qurtardığı penalti zərbəsi ilə bir anda millimizin qəhrəmanına çevrilən “əlcək sahibi”, minimal hesablı məğlubiyyətə mane ola bilməsə də, o gündən yığmadakı “ulduz”u parladı. Baş məşqçi Berti Foqtsun dönəmindən millimizin əvəzolunmaz qolkiperinə çevrilən Kamranı ara-sıra soyadaşı Səlahət Ağayev əvəzləsə də, “1 nömrə”yə çevrilə bilməyib. 2012-ci ilədək çıxış etdiyi “Xəzər Lənkəran”ın iddialı dönəmlərində də azarkeşlərin sevimlisi olan çərçivə qoruyucusu, həmin vaxt nəinki Azərbaycanın, hətta Avropanın öndəgedən qapıçıları sırasında göstərilirdi. Təsadüfü deyil ki, o, 2008-ci ildə ölkəmizin ən yaxşı futbolçusu, bir il sonra isə Azərbaycanın ən yaxşı qapıçısı adına layiq görülüb.
5 il öncə Lənkəran təmsilçisindən qalmaqallı şəkildə ayrılan və bir müddət klubsuz qalan Ağayevin eniş nöqtəsi isə demək olar, həmin vaxtlardan başladı. Düzdü, Kamranın 2013-cü ildə elitanın iddialıları sırasında göstərilən “Bakı”ya keçidi uğurlu alınsa da, orda cəmi 1 il etimadı doğrultdu və yeni mövsümdən etibarən “Qəbələ”nin şərəfini qorumağa başladı. Həmin ərəfələrdə milli komandanın oyunlarında rəqabətsiz olan 32 yaşlı qapıçı istər-istəməz arxayınlaşırdı Bu arxayınlıq hissi də, millinin bəzi matçlarında özünü biruzə verməyə başladı.
DÇ-2014-ün seçmə mərhələsinin ilk oyunu çərçivəsində Bakıda keçirilən İsraillə görüşdə Ağayevin təxminən 35 metrdən bruaxdığı qol, hər şeyi göstərirdi. Təbii ki, buraxılan yanlış qol Kamran Ağayevin Azərbaycanın ən güclü qapıçılarından biri olması həqiqətini dəyişdirmir. Millimizin Bakıda Türkiyə (1:0), Rusiya (1:1) səfərdə Portuqaliya ilə görüşlərdəki (3:0) performanslarını da unutmamışıq. Yığmamızın barmaqla sayıla biləcək uğurlu nəticələrində Kamranın payı əvəzolunmazdı. Bununla belə,onun son dövrlərdəki çıxışı eyni sözləri təkrarlamağımza imkan vermir.
Bir ara Ağayevin adı Almaniyanın məşhur “Köln” və digər öndəgedən klubları ilə hallansa da, legioner həyatına Türkiyənin “Kayserispor” klubunda başladı, ordan da “Karşıyaka”nın yolunu tutdu. Azərbaycanlı futbolçuların əksəriyyətinin Türkiyənin aşağı dəstə klublarında çıxış etdiyini nəzərə alsaq, bu keçidin Kamran üçün elə də qeyri-adi olmadığını söyləmək olar. 2016-cı ildə Portuqaliyanın elita kollektivlərindən olan “Boavişta”ya keçidi isə çoxlarını sözün yaxşı mənasında təəccübləndirdi. Portuqaliya çempionatında göstərdiyi preformans da, təəccüblərə səbəb oldu. Amma bir o qədər də, xoş olmayan təəccüb. Çempionat matçları ərəfəsində səhvləri sıralayan, elə bu səbəbdən də yaxşı keçirdiyi oyunları unutduran qapıçımızın Portuqaliya macərası cəmi 1 çəkdi. “Bovaişta”nın qapısını qoruduğu dönəmdə aqressivliyi 1-ə 5 artan, az qala qovulması üçün hər şeyi edən qapıçı nəhayət 1 ilin tamamında “istəyinə” çatdı. Bu ilin ortalarında “Mlada Boleslav” kollektivinin yolunu tutan Ağayevin Çexiyadakı sərgüzəştləri də bir o qədər uğurlu alınmayınca, vətənə qayıtdı.
Bəs görəsən, elə da uğurlu olmayan son çıxışlarından sonra millimizin yeni baş məşçqisi Qurban Qurbanov sonadək Kamrana güvənəcəkmi? Yazının əvvəlində qeyd etdiyimiz məqama toxunaq… DÇ-2018-ün seçmə oyunlarında cəmi 1 oyunda meydana çıxan (San Marino) ehtiyat qapıçı Səlahət Ağayev elə həmin görüşdə də qapısının toxunulmazlığını qoruya bilmədi. Düzdü, buraxılan qolda onu günahlandırmaq bir o qədər doğru olmazdı. Bununla belə, üzərində çox da böyük yük düşmədiyi matçda ehtiyat Ağayevin möhtəşəmlik yaratdığını söyləyə bilmərik. Səlahəti adətən yoxlama matçlarında meydana görməyə öyrəşmişik desək, yanılmarıq. Ancaq görünür “Neftçi”nin qapıçısının gücü yalnız yoldaşlıq görüşlərinə çatır. Nəzərə alsaq ki, Premyer Liqada milli komandaya çağrılacaq səviyyədə qapıçı yoxdu, o zaman bütün gözlər 3-cü qolkiper Anar Nəzirova çevrilir. “Zirə”də mövsümə pis başlamayan, ilk 7 turda qapını qoruyan və 5 qola mane ola bilməyən Nəzirov mövsümün II dövrəsindən etibarən qapını həmkarı Kamal Bayramova təhvil verdi.Görünür Nəzirovun klubunda stabil olaraq çıxış etməməsi millimizin sabiq baş məşqçisi Robert Prosineçkini də düşünməyə vadar edib.
Hazırda Premyer Liqada milli komanda üçün qapıçının olmaması, U 21-dəki qolkiperlərimizin isə özlərindən söz etdirə bilməməsi faciəyə doğru gedir.
“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir”.