İdman

Ramiz Məmmədov rəhbərliyin qərarını gözləyir: “Mənim gücüm bura qədərdi, mən bunu bacarıram”

“Məsuliyyəti dərk edirdik. İlin son oyunu idi. İstirahətə məğlub yollanmaq istəmirdik”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab görüşü olan, “Kəpəz” – “Keşlə” oyunundan sonra keçirilən mətbuat konfransında qonaqların baş məşqçisi Ramiz Məmmədov deyib. “Kəpəz”lə oyunların hər zaman çətin keçdiyini bildirən mütəxəssis, qələbə qazandıqlarıüçün sevincli olduqlarını dilə gətirib:

“Kimin rəhbərliyi altında olmasına baxmayaraq Gəncədə oynamaq hər zaman klublar üçün çətinlik yaradıb. Baxmayaraq ki, komanda son dövrlərdə enişdədi. İnanırıq ki, Yunis Hüseynovun köməkliyi sayəsində “Kəpəz” öz adını qaytarar. Öz futbolçularımı alqışlayıram. Verdiyimiz tapşırıqların öhtəsindən layiqincə gəldilər.  

– Mətbuatda çıxan xəbərlərə əsasən, bu sizin “Keşlə”nin baş məşqçi postunda sonuncu işiniz idi…

– Mən “Keşlə”yə baş məşqçi təyin olunanda, 4 oyunluq gəlmişdim. Hansı klubda işləməyimdən asılı olmayaraq, rəhbərliyin qərarlarına hörmətlə yanaşıram. Mənim qarşıma 4 oyunu keçirtmək və kubok matçlarında komandanı meydana çıxarmaq tapşırığı qoyuldu. Mənim gücüm bura qədərdi, mən bunu bacarıram. Rəhbərlik nə qərar verəcək, deyə bilmərəm. 

– Klub prezidenti Zaur Axundov bildirib ki, Ramiz Məmmədovun baş məşqçi işinə son versək də, klubda başqa vəzifə verə bilərik. Bəs siz özünüz necə, belə vəziyyətdə qalarsız?

– Bunu gələcək göstərəcək. Rəhbərliklə danışıqlarımız olacaq. 

– Deyə bilərikmi ki, Ramiz Məmmədov 4 oyun ərzində uzun illərdi Azərbaycan futbolunda qapalı olan “sandığı” açıb, tökdü?
– Mən hər zaman öz işimə məsuliyyətlə yanaşmışam. Mən sübh namazından, axşam saatlarına qədər işimin başında oluram. Oyunların analizləri də onu göstərirdi ki, uşaqlar potensiyallarından aşağı səviyyədə çıxış edirlər. Hər bir qaranlıq işi üzə çıxaran Allahdı. Biz hardan bilə bilərik? Burda qeyri-adi hadisə baş vermədi. Nə oldusa, Allah yaratdı. Örtülü bazarı aşkara çıxartdı. Ümid edirik ki, eyni hal təkrarlanmaz. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43