22 Dekabr 2024
Ölkə futbolu

“İzmir Cup” təcrübəsi “Neftçi” futbolçuları üçün qiymətsizdi”

“Neftçi” Futbol Akademiyasının direktoru Mik Benet klubun rəsmi saytına müsahibə verib.

Futbolinfo.az xəbər verir ki, ingiltərəli mütəxəssis aprelin 5-dən 7-dək 12 yaşadək futbolçular arasında Türkiyənin İzmir şəhərində təşkil olunmuş “İzmir Cup” beynəlxalq turniri ilə bağlı sualları cavablandırıb.

– “İzmir Cup” turniri haqda fikirlərinizi bilmək istərdik.
– Turnir çox yaxşı təşkil olunmuşdu. Möhtəşəm stadion və meydançaları var. Avropadan müxtəlif yüksək səviyyəli yaxşı komandalar iştirak edirdi. Mən əminliklə bütün klubların U-12 komandalarının bu turnirdə iştirakını tövsiyə edərdim.

– “Neftçi” “Anderlext”, “AZ Alkmaar”, “Seltik”, “Lill”, “Bursaspor” kimi komandalarla qarşılaşdı. Ümumiyyətlə, turnir yeniyetmə futbolçularımıza nə verdi?
– “İzmir Cup” turniri gənc futbolçuların xarici komandalara qarşı oynamaq üçün həyatlarında bir dəfə qazandıqları fürsətdir. Biz oradakı komandaların çoxundan geridəyik. Lakin top səviyyəli komandalarla yarışmaq möhtəşəm idi. Bu turnir hansı səviyyədə olduğumuzu qiymətləndirməyə imkan verir. Texniki və fiziki olaraq çox geridəyik. Azərbaycanda 7-11 yaş dövründə əsas diqqət topla məşq, koordinasiya və balans üzərində işləməyə yönəlməlidir. Turnir hər kəsə faydalıdır. Gələcəkdə yaxşı səviyyəli komandalara qalib gəlmək istəyiriksə, daha yüksək standartlı futbolçular yetişdirməli olduğumuzu və nəyin inkişaf etdirilməsinə ehtiyacın olduğunu görmək şansı yaradır.

– Komandamızın turnirdəki çıxışı sizi qane etdi?
– Qane etdi. Taktiki olaraq yaxşı təşkil olunmuşduq və rəqibə oynamaqda çətinlik yaradırdıq. “Anderlext” və “Siqma Olomous”la heç-heçə (0:0), “Konyaspor” üzərində 3:0 hesablı qələbə, “Hamburq”u yoldaşlıq matçında olsa belə, 1:0 hesabı ilə məğlub etmək möhtəşəm idi.

– Hansı çatışmazlıqları və mübət halları qeyd edə bilərsiz?
– Çatışmazlıqlar odur ki, futbolçularımızın texniki bacarıqları aşağı səviyyədədir, koordinasiya zəifdir. Uşaqlar qərar qəbul edə bilmirlər. Müsbət hal komanda işimiz, komanda ruhumuz və təşkilatçılığımız idi.

– Turnirdə komandamızdan ümumi gözləntiniz nə idi?
– Yeganə gözləntim o idi ki, bizə qalib gəlmək rəqib üçün çətin olsun. Rəqibin “Neftçi” haqqında “asan keçiləsi komandadır” deyə, düşünməsini istəmirdim. Biz bunu öz nəticələrimizlə sübut etdik və rəqiblərimizi təəccübləndirdik. Əslində, komanda gözlədiyimdən yaxşı çıxış etdi. Əlbəttə ki, futbolçuların hər biri oynadı. Bu çox vacib idi. Hər kəs bu təcrübədən zövq aldı.

– Bu cür turnirlər yeni futbolçuların üzə çıxmasında, təcrübə qazanmasında nə kimi rol oynayır?
– Bu təcrübə futbolçularımız üçün qiymətsizdir. Onlar gördülər ki, yüksək səviyyəli futbol oynamaq istəyirlərsə, çox çalışmalıdılar. Futbolda təkcə oyunlarda deyil, məşqlər zamanı və meydançadan kənarda da nə etdiyin vacibdir. “Meydançadan kənarda” deyəndə, düzgün hazırlıq, qidalanmaq, yatmaq, məşqlərə düzgün yanaşmaq, var-gücünlə çalışmaq, ayağınla yanaşı, beynindən də istifadə etməyi nəzərdə tuturam. Bütün bunlar “Mançester Siti”, “Ayaks”, “Valensiya” kimi komandalarda açıq-aşkar görünürdü.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43