30 Dekabr 2024
Ölkə futbolu

“Əziz Yıldırım stadiondan kənarlaşdırılmağımı tələb etdi” – azərbaycanlı jurnalist

Danışan xatirələr” rubrikamız davam edir.
Bu gün seçdiyimiz 2 müsahibimiz futbolda üzləşdikləri ən yadda qalan xatirələrini bizimlə paylaşacaqlar.
Keçək qonaqlarımızın xatirələrinə.
Səxavət Qurbanov (İdmanxeber.az-ın baş redaktoru): “2013-cü ildə “Xəzər Lənkəran” “Fırtınalar meydanı”nda “Fənərbağça” ilə yoldaşlıq oyununda üz-üzə gəlirdi. Sözügedən oyuna bir qrup jurnalist Lənkərana yollanmışdır ki, içərilərində mən də var idim. Bilənlər bilir ki, mən “Qalatasaray” azarkeşiyəm və bu oyuna “sarı-qırmızı” forma ilə getmişdim. O zaman stadionun ot örtüyünün kənarında komandalar isinmə hərəkətləri edərkən jurnalistlər onları izləyə bilirdi. Və mən də əynimdə “Qalatasaray” forması ilə kənardan onları izləyirdim. “Fənərbağça”nınn prezidenti Əziz Yıldırım mənim əynimdəki formanı görüncə “Xəzər Lənkəran” klubunun rəsmilərinə üzünü tutaraq stadiondan kənarlaşdırılmağımı tələb etdi.
“Xəzər Lənkəran”ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu mənə durumu başa saldı və formanı əynimdən çıxarmağımı xahiş etdi. Təbii ki, o forma ilə sona kimi qalmayacağdım və oyun sonrasında konfransa o forma ilə girməyim düz olmayacaqdı. İlk hissəni “Qalatasaray” forması ilə izlədim və sonra dəyişdim. Bu Türkiyə mətbuatında rezonans doğurdu. Bir neçə məşhur mətbu orqan bu tirajladı.
İli tam xatırlamıram, Lənkəranda “Xəzər Lənkəran” – “Neftçi” derbisi sonrası yaşananları hələ də unuda bilmirəm. O oyunda meydanda xeyli əsgər yaralanmışdı. Cənub klubunun rəsmiləri o qədər çabaya rəğmən azarkeşləri sakitləşdirə bilmədi. Masallıya kimi cənublu azarkeşlər “Neftçi” fanatlarını qarabaqara izlədi. Polis nəzarəti olmasa bakılı azarkeşlərin sonrakı aqibətini adam düşünmək belə istəməz.
Mirələm Həsənli (Jurnalist): “O vaxt saytda sorğu qoymuşduq ki, ilin ən yaxşı məşqçisi kimdi. Ayın sonu idi. 2 gün sonra nəticələri saytda dərc etməli idik. Qurban Qurbanov səs çoxluğu ilə irəlidə idi. “Neftçi”nin o vaxtkı mətbuat katibi Gündüz Abbaszadə zəng ediib dedi ki, Böyükağa müəllim sorğudan narazıdı, deyir, səsvermədə səhvlik var. Mən də dedim ki, Böyükağa müəllim də dəhşətdir e… (gülür)… Elə bunu demişdim ki, Böyükağa müəllim cavab verdi ki, ay Miri mənəm dəhşət? (gülür)…
Salamlaşdıq, hal-əhval tutduq, soruşdu ki, sorğunun nəticəsi nə vaxt açıqlanacaq? Dedim, sorğuda səhvlik yoxdu 1 gün də vaxt var. O, da qayıtdı ki, əgər düzgün səsvermədisə, mən qalib gələcəm. Həqiqətən də dediyi kimi oldu. Böyükağa müəllim böyük üstünlüklə səsvermədə qalib gəlmişdi. (güıür)…
Sport7.az

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43