22 Dekabr 2024
Kateqoriyasız

“Beşiktaş”ın baş məşqçisi: “Qarabağ” “Marsel”i keçsə, çox məmnun olaram” – MÜSAHİBƏ

Türkiyənin “Beşiktaş” komandasının yeni baş məşqçisi Önder Karaveli əvvəllər “Qarabağ”da çalışıb. 48 yaşlı mütəxəssis 2020-ci ilin yanvarından 2021-ci ilin yanvarınadək Ağdam klubunda futbol akademiyasının koordinatoru Tacettin Doğanın köməkçisi olub.

O, məşqçi kimi “qara qartallar”ın müxtəlif yaş qruplarından ibarət kollektivlərinə rəhbərlik etdikdən sonra əsas komandaya cəlb olunub. Yanvarın 13-də “Beşiktaş”a rəsmən baş məşqçi təyin edilmiş təcrübəli mütəxəssis “Report”a müsahibəsində qısa müddətdə əldə etdiyi nailiyyətlərdən danışıb, “Qarabağ”ın futbolçuları ilə maraqlandıqlarına dair iddialara münasibət bildirib, Ağdam komandasının UEFA Konfrans Liqasındakı şanslarını dəyərləndirib.

“Təkcə “Qarabağ”ın deyil, Azərbaycandakı bütün futbol akademiyaları düşündüyümdən geridə idi”

– Artıq iki həftədir “Beşiktaş”ın baş məşqçisisiniz. Amma sizi əsl “Beşiktaş”lı kimi də dəyərləndirmək olar. Çünki klubun akademiyası, U-17, U-19, U-21 komandalarında çalışmışsınız. İndi də əsas komandadasınız. “Beşiktaş”dakı fəaliyyətinizi necə dəyərləndirərdiniz?

– 2000-ci ildən məşqçilik fəaliyyətindəyəm. İlk 8 ilim “Beşiktaş”ın akademiyasında keçib. Daha sonra “Kasımpaşa” və “Başakşehir” akademiyalarında işləmişəm. Bundan başqa 3 peşəkar klubun məşqçisi olmuşam. 2020-ci ilin yanvarından “Qarabağ”ın akademiyasında çalışmağa başladım. Bu klubdan ayrıldıqdan sonra “Beşiktaş”a verdiyim bir söz var idi. Bu mövsümün əvvəlində klubun U-19 komandasının baş məşqçi vəzifəsinə gətirildim. Həm Türkiyə çempionatında, həm də UEFA Gənclər Liqasında oyunlar keçirdik. 2020-ci il dekabrın 9-da Sergen Yalçın qarşılıqlı razılıq əsasında əsas komandadan ayrıldıqdan sonra klubumuz baş məşqçi səlahiyyətlərinin icrasını mənə həvalə etdi. Dekabrın 10-da ilk məşqimizə çıxdıq. O vaxtdan “Beşiktaş”ın baş məşqçisi kimi davam edirik. Ötən müddətdə Superliqada 8 oyun keçirmişik. Türkiyə Kubokunda “Altay”ı yenərək, mərhələ adlamışıq. Eyni zamanda klub olaraq, Superkuboku qazanmaq bizə nəsib olub.

– “Qarabağ”da və ümumilikdə Azərbaycan futbolundakı vəziyyətlə bağlı fikirləriniz necədir?

– Cavabımı iki yerə bölə bilərəm: Əsas komanda və akademiya fəaliyyəti. Ölkənizdə olduğum müddətdə əsas komandanı həm avrokubok, həm də Azərbaycan çempionatı matçlarında izlədim. “Qarabağ”ı son dərəcə uğurlu komanda kimi dəyərləndirərdim. Qaldı ki, təkcə “Qarabağ”ın deyil, Azərbaycandakı bütün futbol akademiyaları düşündüyümdən geridə idi. Orada çox qiymətli yeniyetmə futbolçular var. Daha doğru futbol bilikləri ilə bəzənərlərsə və daha doğru gələcəyə hazırlanarlarsa, onlardan gələcəkdə həm “Qarabağ”ın əsas komandasına, həm də ümumilikdə ölkə üzrə Azərbaycan millisinə çox faydalı futbolçular çıxarmaq olar. Həmçinin, hesab edirəm ki, Azərbaycanda məşqçi keyfiyyəti və təhsilinin yüksəldilməsinə gərək var. Məşqçi keyfiyyəti yüksəldikcə, paralel olaraq, oyunçuların və oyunların keyfiyyəti də yüksələcək. Bu uşaqların fiziki imkanlarını da daha çox yüksəltmək lazımdır.

“Qarabağ”ın məşqində Musanı gördükdə çox məmnun oldum”

– “Qarabağ” akademiyasında əsasən hansı yaş qrupundan olan futbolçularla çalışırdınız?

– Biz əvvəlcə “Qarabağ” akademiyasının koordinatoru Tacettin Doğanın köməkçisi kimi işə başlamışdıq. Sonradan mənə 2006-cı il təvəllüdlülərdən ibarət komanda verildi. Fikrimcə, “Qarabağ”ın sahib olduğu ən dəyərli oyunçu toplumu məhz bu təvəllüdlülərdir. Hətta bir neçə gün əvvəl Antalyada Qurban Qurbanovu ziyarət edərkən, komandanın məşqində 2006-cı il təvəllüdlü Musa adlı futbolçunun olduğunu gördüm. Bundan çox məmnun oldum, çox sevindim və qürur duydum. Çox qətiyyətlə deyirəm: 2006-cı il təvəllüdlülərdən həm “Qarabağ”ın əsas komandasına, həm də Azərbaycan millisinə keçid edəcək çoxlu oyunçunun olduğuna inanıram.

– “Qarabağ”da Musa adlı daha bir futbolçu da var. Bu, Qurban Qurbanovun oğlu Musa Qurbanlıdır…

– Xeyr, mən 2006-cı il təvəllüdlü stopper Musadan (Musa Məmmədov – red.) danışıram.

– Yeri gəlmişkən, hazırda əsas komandada Musa Qurbanlı, Toral Bayramov kimi gənc və istedadlı futbolçular çıxış edir. “Qarabağ”da işlədiyiniz vaxt onlar da nəzərinizdə idimi?

– Söylədiyiniz oyunçuları yalnız ad olaraq tanıyıram. Futbolçu kimi dəyərləndirəcək qədər mənə tanış deyillər. Onlara hər hansı marağımız, izləməmiz və heyətimizə qatmaq üçün cəhdlərimiz yoxdur.

“Qarabağ”ı ziyarət etməyimin yeganə səbəbi bu idi”

– Bu yaxınlarda Türkiyə mətbuatında məhz Musa Qurbanlı ilə şəxsən maraqlandığınıza dair xəbər yayılmışdı…

– Bu, mediada çıxan bir xəbərdir. Amma mən sizə “Beşiktaş”ın əsas komandasının baş məşqçisi olaraq, deyə bilərəm ki, söylədiyiniz oyunçularla hər hansı əlaqə saxlamamışıq. Bu, klubumuz adından qəti cavabdır.

– Şübhələri artıran daha bir məqam Antalyada olduğunuz vaxt “Qarabağ”ın düşərgəsini ziyarət etməyiniz oldu…

– Bu ziyarətin səbəbini də dərhal söyləyə bilərəm. Biz də təlim-məşq toplanışı üçün eyni otelə yerləşmişik. Yanvarın 23-də Antalyaya oyun izləməyə gəlmişdim. Ertəsi gün isə boş vaxtım var idi. Həm toplanış keçəcəyimiz oteli və futbol meydanlarının vəziyyətini görmək istədim, həm də gəldiyim vaxt “Qarabağ” komandası buradadırsa, salam verməmək, onları ziyarət etməmək çox böyük kobudluq olardı. Qurban Qurbanov da sağ olsun, məşqdə olmasına baxmayaraq, görüşüb-danışdıq. Ziyarətimin yeganə səbəbi bu idi.

“Qurban Qurbanov Azərbaycan futbolu üçün çox qiymətli baş məşqçidir”

– Yeri gəlmişkən, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun fəaliyyəti barədə fikirləriniz necədir?

– Qurbanovu çox uğurlu baş məşqçi hesab edirəm. Fikrimcə, o, əlindəki imkanlardan lazımınca yararlanır və taktiki cəhətdən çox bacarıqlıdır. Xüsusən, avrokubok matçlarında onun komanda ilə bərabər göstərdiyi performans çox dəyərli idi. Qurbanovun Azərbaycan futbolu üçün çox qiymətli baş məşqçi olduğunu düşünürəm. Keçmişdə isə o, çox dəyərli oyunçu olub.

– “Qarabağ”ın Azərbaycan Premyer Liqası və UEFA Konfrans Liqasındakı çıxışlarından məlumatlısınız?

– Bəli, pley-off mərhələsində Fransa “Marsel”i ilə üz-üzə gələcəyini bilirəm. Bu görüşlərdə “Qarabağ”a uğurlar arzulayıram. “Marsel”i mübarizədən kənarlaşdırsa, çox məmnun olaram. Çünki mən “Qarabağ”da bir il çalışmışam, həm maddi, həm də mənəvi qazanclarım olub, Bakıda yaşadığım müddətdə klubda və klubdan kənarda çox gözəl insanlar tanımışam. Təbii ki, bu komandanın uğurlu olmasını, avrokuboklarda gedə bildikləri yerə qədər getməsini çox istəyirəm. Azərbaycan Premyer Liqasındakı matçlar isə sizə aiddir, bu barədə şərhim yoxdur.

– “Marsel” komandası ilə oyunu “Beşiktaş”ın skautlarının izləyəcəyinə dair xəbərlər də yayılıb…

– O xəbərləri verənlər bu xəbərlərlə də davam edirlər. Amma məndə belə bir məlumat yoxdur.

“Qarabağ”ın avrokubok matçlarındakı oyunu çempionatdakından fərqli idi”

– “Qarabağ”ın Konfrans Liqasının qrup mərhələsindəki oyunlarını izləyə bilmisiniz?

– Açığı, həmin oyunları izləməmişəm. Sadəcə, “Qarabağ”ın qrupdan çıxmasından və “Marsel”ə rəqib olmasından xəbərim var. Amma Azərbaycanda olduğum müddətdə gördüyüm qədərilə “Qarabağ”ın və Qurban Qurbanovun avrokubok matçlarında ortaya qoyduğu oyun hər zaman çempionatdakından fərqli idi. Bu komanda avrokuboklarda təcrübəyə malikdir, ardıcıl 8-ci mövsümdür qrup mərhələlərində çıxış edir.

– Hər halda qrup mərhələsinin son turunda İsveçrədə “Bazel”ə qarşı matçda hakimliklə bağlı qalmaqalın olmasını, “Qarabağ”ın təmiz qolunun sayılmadığını eşitməmiş olmazsınız…

– Mən öz komandamda da oyunlardan sonra hakimliklə bağlı şərhlər vermirəm. Hakimlər və hakim qərarları barədə danışmağı sevmirəm. Ona görə də bu məsələyə dair bir fikrim yoxdur. Yalnız futbol haqqında danışa bilərəm.

– “Qarabağ”ın “Marsel”i üstələmə şanslarını necə dəyərləndirirsiniz?

– İnşallah! Söyləyə biləcəyim tək fikir budur. Hər iki komanda buraya qədər gəlibsə, bundan sonrası da ortadadır. Arzu edirəm ki, “Qarabağ” sonadək, kuboku qazananadək irəliləsin, futbol şansı “Qarabağ”ın yanında olsun. Bundan çox məmnun olaram.

“Mahir Emrelini yaxşı tanıyıram, xaricə yollanması mənim üçün sürpriz olmadı”

– “Qarabağ”ın keçmiş futbolçusu Mahir Emreli barədə fikirləriniz necədir? Onunla Türkiyə klublarının da maraqlandığı bildirilir…

– Qəzetlər belə yazırlar. Mən Mahir Emrelini yaxşı tanıyıram. Azərbaycanda ikən seyr etdiyim, bir çox önəmli özəlliklərə malik, gələcək vəd edən yaxşı hücumçu olduğunu düşünmüşdüm. Xaricə yollanması mənim üçün sürpriz olmadı. Amma hazırda bizim dəyərləndirdiyimiz oyunçu deyil.

– Düzdür, Polşa “Legiya”sına yollandı, amma azarkeşlərlə problemi oldu…

– Bilirəm, xoşagəlməz olay yaşayıb. İnşallah, oradan ayrıldıqdan sonra yeni klubunda çox xoşbəxt, hüzurlu və uğurlu olar. Çünki məncə, Emreli Azərbaycan millisi üçün də çox önəmli oyunçudur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43