24 Dekabr 2024
Kateqoriyasız

“Neftçi”dən ayrılan futbolçu: “Mən buna layiq deyildim”

İdmanxeber.az qış fasiləsində “Neftçi” ilə müqaviləsini pozaraq Fransada “Şatoru”yə keçən müdafiəçi Romen Baskın müsahibəsini təqdim edir:

– “Neftçi”dən ayrılmağınız bir qədər gözlənilməz oldu. Komandanın baş məşqçisi Samir Abasov da tez-tez mətbuat konfranslarında sizin gedişinizin ciddi itki olduğunu söyləyir. Mətbuatda bununla bağlı xeyli fikirlər səsləndi. Yaxşısı budur, hər şeyi öz dilinizdən eşidək…

– Son vaxtlar mənim üçün “Neftçi”də vəziyyət çətinləşmişdi. Bu komandaya gəldiyim ilk ayda çox xoşbəxt idim, avrokuboklarda daim meydana çıxırdım. İnanırdım ki, getdikcə daha da inkişaf edəcək, öz oyunumu yaxşılaşdıracağam. Amma sonradan az oynamağa başladım. Bəzən məşqlərdə taktiki hazırlıqdan kənarda qalırdım. Bu, əslində mənim problemimdir. Oynamayanda başımı itirir, ehtiyatda oturmağı qəbul edə bilmirəm. Bilsəm ki, həqiqətən ehtiyatda qalmağa layiqəm, digər futbolçular məndən güclüdür, sakit oturardım. Amma vəziyyət çox çətin idi. Bundan sonra atamla, həyat yoldaşımla danışdım. Həmin vaxt xanımım hamilə idi. Hamı dedi ki, orada qalsan, hər şey daha da çətinləşəcək.

– Ən azı yayadək komandada qalıb rəqabət apara bilməzdiniz?

– Bilirsiniz, mən futbolu çox sevirəm. Düzdür, pulu, ailəmin sosial durumunu düşünməliyəm. Amma mənim üçün oynamaq daha önəmlidir. Ehtiyatda qala bilməzdim. Vəziyyəti başa düşəndən sonra gördüm ki, kənarda oturmağım mümkün deyil. Oynamamağımın səbəbini bilmirdim. Hər şeyin başlanğıcı məhz bu oldu. Daha sonra övladım doğuldu. Ailəm bir neçə günlük Bakıya gəldi. Lakin həmin vaxt əhvalım pis idi. Hər şeyi müzakirə etdik. Qış fasiləsində Fransaya gedəndən sonra həyat yoldaşım dedi ki, daha Bakıya qayıtma.

– “Neftçi”də qısa müddət oynasanız da, azarkeşlərin sevimli futbolçusuna çevrilməyi bacardınız. Bu barədə nə deyə bilərsiniz?

– Burada hər hansı sirr yoxdur. Bakıda insanlar futbolu bilirlər. Komandanın ən yaxşı futbolçusu olduğumu demirəm. Amma hər oyunda sonadək mübarizə aparırdım. Mənim üçün fərqi yox idi: istər avrokuboklarda İsralin “Makkabi” (Hayfa) klubu, istər Yunanıstan “Olimpiakos”u, istərsə də yerli çempionatdakı autsayder komanda ilə oynayaq, daim meydanda vuruşurdum. Azarkeşlər bunu gördükləri üçün məni sevirdilər.

– “Neftçi”dəki, Azərbaycandakı karyeranızı necə xarakterizə edərdiniz?

– Hər zaman sözün düzünü deməyi sevirəm. Yalan danışmaq mənə görə deyil. Açığı, Bakıya gəlməmişdən öncə bir az qorxurdum. Çünki agentimdən fərqli olaraq, ölkə, şəhər haqqında heç nə bilmirdim. Səfərin çətinlikləri, viza məsələsi, Bakıya İstanbuldan uçmaq mənə qəribə gəlirdi. İlk dəfə bu ölkədə olacaqdım. Amma agentimlə birlikdə Bakıya çatanda təəccübləndik. Bir anlıq özümüzü Nyu-York, Los-Anceles və ya Dubayda hiss etdik. Çox xoş sürpriz oldu. İnsanlar çox yaxşıdır. Azərbaycandan kənarda olanlar elə bilirlər ki, bura qəribə ölkədir. Amma oradakı insanlar Fransa, İspaniya və ya İtaliyadakı bəzi adamlardan 10 dəfə yaxşıdır. Bakıda olduğum qısa müddətdə mənə böyük sevgi ilə yanaşdılar.

– “Neftçi”də qısamüddətli təcrübə sizə nə verdi?

– “Neftçi” mənim üçün həqiqətən gözəl təcrübə oldu. Amma uzun müddət vətənində oynayıb sonra uzaq ölkəyə tək getmək asan olmur. Orada çox şey öyrəndim. Məsələn, paltardəyişmə otağında fərqli ölkələrdən insanlarla birlikdə olanda yeni mədəniyyətlər kəşf edirsən. Bu isə çox yaxşı haldır. Ötən yaya qayıtmaq imkanım olsaydı, yenə “Neftçi” ilə müqavilə bağlayardım.

– Keçmiş komandanızın oyunlarını izləyirsiniz?

– Azərbaycanı tərk etsəm də, “Neftçi”ni izləyirəm. Sosial şəbəkələrdə komanda ilə bağlı xəbərləri, nəticələri görürəm. Kiçik nüansları düzəldə bilsəydim, uzun müddət “Neftçi”də oynaya bilərdim.

– Azərbaycanda ən çox sevdiyiniz və sevmədiyiniz nə oldu?

– Ən çox insanları sevdim. Onları xüsusi qeyd edərdim. Orada olduğum müddətdə neqativ halla üzləşmədim. Heç nəyə ehtiyacım yox idi. Sadəcə, daha çox oynamaq istəyirdim.

– Fransada kimsə sizdən Azərbaycan futbolunun səviyyəsi haqqında soruşsa, ona cavabınız necə olardı?

– Digər komandaları kifayət qədər tanıya bilmədim. Yalnız “Neftçi” haqqında danışaram. Bu, çox yaxşı təşkilatlanmış komandadır. Klubun meneceri Qədir Həsənov, tərcüməçisi Vüqar Əliyev əla oğlandır. Mənə qarşı hər zaman yaxşı olublar.

– Sizcə, Azərbaycan futbolunun Fransa səviyyəsinə çatması üçün neçə il lazımdır?

– İki ölkə futbolu arasında böyük fərqlər var. Bizdə çoxlu sayda istedadlı gənclər var. Buna görə də yaxşı və güclü komanda qurmaq asan olur. Azərbaycanda isə vəziyyət bir qədər fərqlidir. Sizin futbolun səviyyəyə yaxınlaşması üçün xeyli vaxt lazımdır.

– Gələcəkdə Azərbaycan klublarından təklif gəlsə, qəbul edərsiniz?

– Təklif “Neftçi”dən gəlsə, bu barədə düşünə bilərəm. Amma bir şərtlə ki, məni oraya başqa baş məşqçi çağırsın. Belə olsa, dərhal gələrəm. Amma “Qarabağ”dan təklif alsam. heç vaxt qəbul etmərəm (report).


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43