22 Dekabr 2024
Kateqoriyasız

“Emosional vəziyyətdə yazdığım sözlərin…” – Rauf Məmmədov fikrindən daşındı

Şahmat üzrə Azərbaycan milli komandasının üzvü, üçqat Avropa çempionu Rauf Məmmədov sosial şəbəkə səhifəsində Beynəlxalq Şahmat Federasiyasının (FIDE) bayrağı altında yarışlarda iştirakdan imtina etməsi ilə bağlı yazdığı fikirlərinə aydınlıq gətirib.

İdmanxeber.az xəbər verir ki, o, Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətinə açıqlamasında deyib:

“İlk növbədə şəxsimə göstərilən diqqət və dəstəyə görə hamıya təşəkkür edirəm. Ukraynadakı hadisələr hamıya o cümlədən mənə də təsir edir. Həyat yoldaşım Natalya Buksa ukraynalıdır və əslən Lvov şəhərindəndir. Ukraynadakı hərbi əməliyyatlar başlayan zaman biz Lvov şəhərində yaşayırdıq. Təsəvvür edin, Lvov bombardman olunandan sonra təxliyə olunmağa məcbur olduq. Həyatımda heç vaxt unutmayacağım həyəcanlı anlar yaşadım.

Şahmatçı kimi indiki vəziyyətdə yarışda iştirak etmək, bütün fikrimi cəmləmək çətindir. Feysbukdakı postuma səbəb kimi göstərilən faktlar reallıqda öz təsdiqini tapmadı. Buna görə də sosial şəbəkədə emosional vəziyyətdə yazdığım sözlərin bir qədər düşünülməmiş qərar olduğunu deməliyəm. Azərbaycan millisində çıxış etmək hər zaman qürurlu olub. Ən çətin vaxtlarda belə yığmanı mübarizədə tək qoymamışam. Azərbaycan millisi ilə üç dəfə Avropa çempionluğunun sevincini yaşamışam. Ailə üzvlərim, yaxınlarım milli komandanın mənim üçün nə qədər önəmli olduğunu başa düşür. Ona görə milli komandada çıxışımı davam etdirəcəyimi, mötəbər yarışlarda Azərbaycan yığmasının şərəfini qoruyacağıma ümid edirəm”.

Rauf Məmmədov feysbuk hesabında FIDE bayrağı altında keçirilən yarışlarda iştirakdan imtina etdiyini yazmışdı:

“Söz verirəm ki, FIDE prezidentinin rusiyayönlü adam olduğundan müharibə müddətində qurumun turnirlərində oynamayacağam. Ukraynaya eşq olsun!”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43