“Omoniya”nın son oyunlarını izləməmişəm. Ancaq pley-off mərhələsinə gəlibsə, deməli güclü komandadır. Bu mərhələdə ancaq keyfiyyətli klublar olur. “Zirə” üçün çox çətin olacaq. Amma “Omoniya” keçilməz rəqib deyil. Rəşad Sadıqov yəqin ki, rəqibin güclü və zəif tərəflərini təhlil edib, komandasını planlı şəkildə görüşə hazırlayacaq. İnanıram ki, “Zirə” bu səddi keçib qruplara vəsiqə qazanacaq”.
Bu sözkəri İdmanxeber.az saytına “Neftçi”nin sabiq baş məşqçisi Füzuli Məmmədov “Zirə”nin UEFA Konfrans Liqası pley-off mərhələsi çərçivəsində keçirəcəyi “Omoniya” görüşü barədə danışarkən deyib. O, daha sonra belə davam edib:
“Zirə”nin “Osiyek”lə oyunlarını çox bəyənmişdim. İki görüşdə də komanda geriyə düşsə də, inamını itirmədi. Hücum etdi, qol vuracağına inanırdı. Təmsilçimiz rəqibindən üstün oyun sərgilədi və qələbəyə də layiq idi.
Xoşuma gələn tərəf hesabda geriyə düşən kimi dərhal müdafiəni unutmamaq şərtiylə hücuma keçməli olmuşdu. “Zirə”nin irəlidə say çoxluğu yaratmasını də bəyənmişdim. Qarşıdakı oyunda da bunu bacaracaqlarına ümid edirəm”.
Xatırladaq ki, “Omoniya” – “Zirə” matçı sabah saat 21:00-da start götürəcək.
Həsən Quluzadə