“Neftçi” üçün çətin günlər davam edir. İllərdi özünə gəlməyə çalışan “ağ-qaralar” hələ də istənilən səviyyədə deyil. Cari mövsüm komandanın uğursuz startı neqativ ab-havanın dağılmasına mane olur. İllərdir davam edən yalnış idarəedicilik, uğursuz strategiya və klub daxili anlaşmazlıq “Neftçi”ni və onu sevənləri yetərincə yorub. Komandanın adına sanki bir ümidsizlik həkk olunub. Bunun üçün yetərincə səbəb də var. Məsələn, klubda illərin yalnışları, pərçimlənmiş xətalar, qeyri-ciddi qərarlar və s. Siyahınız uzatmaq da olar.
Ancaq “Neftçi” üçün ən böyük problem tələskənlik və ya dərhal klubun o nəhəng əzəmətinin qayıtmasını gözləməkdir. Böyük klubların enişləri və yüksəlişləri heç də asan olmur. Bu gün klubun rəhbəri və baş məşqçisi dəyişməklə yenidən ayağa qalxacağını dərhal gözləmək bəlkə də doğru deyil. “Flaqman” bir ildə düşməyib ki, bir ildə də özünə gəlsin.
Dərinə, hətta klubun ənənələrinə belə zərbə vuracaq yanlışların aradan qaldırılması üçün zaman lazımdır. Dərhal nəyəsə nail olmaq qeyri-mümkündür. Hər məğlubiyyətdə “o getsin, bu gəlsin” söhbəti də artıq ciddiliyini itirib.
Klub illərdir bu tələskən təzyiqin bəlasını yaşayır. Nəticə olmayan yerdə təzyiq mütləq olacaq. Ancaq işləməyə gələn rəhbərlik hər məğlubiyyətdən sonra bu cür qılınclanacaqsa, nəticə necə əldə ediləcək?
Azarkeşlərin nə gözlədiyi hər kəsə gün kimi aydındır. Meydandakı nəticə bu gün ən vacib məsələdir. Bəs onu əldə etmək necə, bu qədər asandırmı? Qətiyyən deyil. Bunun üçün zamana ehtiyac var. Bu məqamda vaxt qaçınılmaz amildi.
Bəli, “Neftçi” böyük klubdur, yaxşı büdcəsi var, şərait də superdi. Ancaq bunlar belə yaxşı nəticə üçün bəs etmir. Çünki əla olan bu imkanları o səviyyədə olan şəxslər idarə etməlidir. Təəssüf ki, klub həmişə bu baxımından axsadı, doğru seçim etmədi.
Ancaq bu gün mənzərə dəyişməyə doğru irəliləyir. Ağrılı, çətin, bir az da yavaş addımlarla. Öncə klubun bazası istifadəyə verildi, stadion təmirə bağlandı və ən nəhayət komanda Roman Qriqorçuk kimi bir adama həvalə edildi. Rəhbərlikdə də artıq ictimaiyyətin futbol adamı kimi tanıdığı, azarkeşkərin inandığı şəxslər var. Bunlar vacib/müsbət məqamlardı.
Turnir cədvəli bu dəqiqə “Neftçi” üçün hər şeydən üstün görünür. Halbuki, illərdir yarımçıq qalan və yalnız adını eşitdiyimiz klub bazasının nəhayət istifadəyə verilməsi heç də kölgədə qalacaq uğur deyil. Böyük klublar nəticələri ilə yanaşı, məhz belə infrasturkturu ilə də fərqlənməlidir. Ki, hazırki rəhbərlik işləri sürətləndirməklə bu yöndə ilk uğurlu addımını atmış oldu.
Bütün azərbaycanlı futbolsevərlər kimi biz də “Neftçi”nin qayıtmasını, “yaxşı olacaq” paylaşımının “yaxşı oldu” ilə əvəzlənməsini gözləyirik. Amma bunun üçün nə qədər çətin olsa da, nə qədər boşa verilən illər keçsə də, yenə də zaman lazımdır. Gözləmək hazırda “Neftçi”lilər üçün ən birinci məsələ olmalıdır. Çünki bu səfər düzəltməyə, işləməyə çalışan bir rəhbərlik görünür. Faktiki olaraq müsbət siqnalları görmək heç də çətin deyil. Üstəlik sahəyə zidd olmayan adamlarla. Burada isə əsas güc həm də “ağ-qara” sevdalılarına düşür. İnam və etimad hazırki “Neftçi”nin ən çox ehtiyac duyduğu şeydi.
İstənilən halda klubun düzəlməsi, azarkeşlərin yenidən üzlərinin gülməsi müəyyən bir vaxt tələb edəcək. O səbri göstərməkdən başqa variant yoxdur. Çünki tələskən təzyiq daha bir neçə ilin itirilməsinə gətirib çıxarar ki, bu, daha da ağır olar.
Tunar