Azərbaycan millisi UEFA Millətlər Liqası qrup mərhələsinin III turunda Estoniya və Slovakiya yığmaları ilə üz-üzə gələcək.
Millimizin üzvü Qismət Alıyev görüşlər barədə İdmanxeber.az saytına açıqlama verib. O, oyunlara yaxşı kökləndiklərini bildirib:
“Baş məşqçi ilk gündən komanda üçün ən yaxşısını etməyə çalışır. Həqiqətən böyük təcrübəyə malik biridir. Hazırda qrupda xalımız yoxdur. Amma daha yaxşısını bacaracağıq. Qarşıda bizi vacib iki oyun gözləyir. Toplanışın ilk günündən həvəslə bu görüşlərə hazırlaşırıq. Əhval-ruhiyyə, istək hər şey qaydasındadır. Fikrimizi ancaq Estoniya matçına kökləmişik. Rəqib evdə mübarizə aparacaq. Doğma meydanda qələbə qazanmaq istəyəcəklər. Biz də qalib gəlib millətimizi sevindirmək istəyirik. Digər rəqibimiz Slovakiyanın da heyətində güclü, səviyyəli futbolçular var. Hər an oyunu dəyişə biləcək gücdədirlər. Ancaq bu dəqiqə bütün düşüncəmiz Estoniya matçındadır”.
Xatırladaq ki, Azərbaycan millisi sabah səfərdə Estoniya, 14-də isə doğma meydanda Slovakiya ilə üz-üzə gələcək.
Həsən Quluzadə