19 Sentyabr 2024
Ölkə futbolu

Addım-addım inkişaf etmək istəyirik” – Ruslan Qurbanov

“AtiDel”lə bağlı planlarımız genişdi və bu 5 ili əhatə edir. Cavan uşaqların yetişdirilməsi, onların turnirlərdə iştirakları və paralel olaraq gənc futbolçuların inkişaf edərək komandaya, ölkə futboluna öz töhvələrini verməsi üçün çalışacağıq. Addım-addım inkişaf etmək istəyirik. Olduğumuz liqalarda daha yüksək yerləri həfələyirik. Düzdü, bizim kimi digər rəqiblər də iddialıdı”.

Bu sözləri İdmanxeber.az-a açıqlamasında yeni mövsümdən Region Liqasında iştirak edəcək “AtiDel” klubunun vitse-prezidenti Ruslan Qurbanov deyib.

Klub funksioneri çıxış edəcəkləri Region Liqasında ev oyunlarını “ASK Arena”da keçirəcəklərini bildirib:

“Hal-hazırda komandada 16 yaşdan 19-yaşa qədər uşaqlar baxışdadı. Mən özüm də bu mərhələdə iştirak edirəm. Hazırda komanda iki qrup yaradılıb. Region Liqasında ev oyunlarımızı “ASK Arena”da keçirəcəyik. Bu stadionun əsas meydançasında rəqiblərimizi qəbul edəcəyik. Düzdü, meydançanın süni olması bizi narahat edir. Lakin gələcəkdə stadionla bağlı bizim müəyyən planlarımız var. Belə problemləri yaxın gələcəkdə həll etməyi düşünürük. Biz də istəyirik ki, təbii meydançada oynayaq”.

“AtiDel” rəsmisi daha sonra sözlərinə belə davam edib:

“Uşaq futbolu ölkədə problemli məsələlərdən biridi. Biz də bu istiqamətdə müsbət işlər görmək istəyirik. Komanda tanıdığımız mütəxəssis Mahir Həsənova tapşırılıb. Bu təyinat reallaşanda, açığı, sevindim. Təbii ki, bu təyinat “Şəfa” klubu tərəfindən gerçəkləşdi. 

Klub olaraq “Şəfa”nın farm-klubu kimi fəaliyyət göstərəcəyik. Eyni bazada fəaliyyət göstərəcəyik. “AtiDel”in fəaliyyəti “Şəfa”nın nəticələri ilə bağlı olacaq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43