Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
İdmanxeber.com-un PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, tədbirdə İK Azərbaycan birinci divizionunun son turunda baş verən hadisələrlə bağlı müvafiq qərarlar çıxarıb.
Birinci divizionun VIII turunun təxirə salınmış görüşü “Bakılı” – “Şuşa” matçında “Bakılı” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.
Oyunun 52-ci dəqiqəsində “Bakılı” klubunun 4 nömrəli futbolçusu Fərid Namazov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün iki oyun cəzalanıb, klub 200 manat cərimələnib.
Birinci divizionun X turunun “Mil-Muğan” – “Şuşa” matçının 90+2-ci dəqiqəsində “Mil-Muğan” klubunun 18 nömrəli futbolçusu Elnur Soltanlı ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün bir oyun cəzalanıb, kluba 20 manat cəza kəsilib.
Birinci divizionun X turunun “Kəpəz” – MOİK matçının 32-ci dəqiqəsində MOİK klubunun baş məşqçisi Namiq Adilov və oyunun 80-ci dəqiqəsində “Kəpəz” klubunun məşqçisi Anar Kələntərov texniki zona qaydalarını pozduqlarına görə meydandan kənarlaşdırıldıqları üçün hər ikisi bir oyun cəzalanıb, klublar 100 manat cərimə olunub.
Birinci divizionun X turunun “Bakılı” – “Ağsu” matçı başa çatdıqdan sonra “Bakılı” klubunun inzibatçısı Rövşən Mustafayev hakimlər briqadasını təhqir etdiyinə görə 5 oyun cəzalanıb, klub 500 manat cərimələnib.
Birinci divizionun X turunun “Qaradağ Lökbatan” – “Lokomotiv” matçında “Lokomotiv” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün kluba 100 manat cəza tətbiq olunub.
Birinci divizionun X turunun “Şahdağ” – “Neftçala” matçında “Şahdağ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.
Oyunun 64-cü dəqiqəsində “Şahdağ” klubunun 10 nömrəli futbolçusu Elmar Yahyabəyov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 200 manat cərimələnib.
Oyununun 90-cı dəqiqəsində “Şahdağ” klubunun 14 nömrəli futbolçusu Faiq Ağarəhimov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün bir oyun cəzalanıb, kluba 20 manat cəza kəsilib.