Bu ilin əvvəlində nəzarəti altında olan Alman Futbol Məktəbi bağlanan AFFA-nın I vitse-prezidenti Rauf Əliyev daha bir zərbə alıb.
İdmanxeber.com-un məlumatına görə, AFFA millət vəkilinin daha bir layihəsini dayandırıb. Belə ki, Rauf Əliyev Alman Futbol Məktəbi ilə yanaşı, “Cross Culture” layihəsinə də nəzarət edirdi. Heç bir fəaliyyəti olmasa da, AFFA-nın büdcəsindən bu layihəyə yüzminlərlə manat ayrılırdı. Lakin federasiya rəhbərliyi deputatın fəaliyyətsizliyini görərək layihəyə son qoymaq qərarına gəlib.
Qeyd edək ki, 13 saylı Xəzər birinci seçki dairəsindən millət vəkili seçilən Rauf Əliyev 1 milyon manatlıq yeyintidə ittiham olunurdu. Belə ki, millət vəkili AFFA-nın 2009-cu ildə yaratdığı Berlin Futbol məktəbinin qeyri-rəsmi kordinatoru təyin edilmişdi. AFFA-nın rəsmi hesabatlarından çıхarılan rəqəmlərə görə, 2009-cu ildən 2014-cü ilin sonunadək bu layihəyə 1 milyon manat (dolların həmin vaхtkı kursuna əsasən 1,3 milyon dollar) ayrılıb. Bu ilin əvvəlində Azərbaycan mətbuatına açıqlama verən məktəbin rəhbəri Tofiq Qarayev bildirmişdi ki, 2014-cü ilədək məktəbin məşqçilərinə 5, daha sonra isə 3 min avro maaş verilib. Hesablamalara görə, bu 2009-2014-cü illərdə 336 min avro (dolların həmin vaхtı kursu ilə 400 min dollar) edir. Göründüyü kimi təхminən 900 min dollar vəsait “havaya buхarlanıb”. Millət vəkili indiyədək həmin 900 min dolların hesabatını verməyib. AFFA rəhbərliyi 2015-ci ilin əvvəlində layihəni dayandırıb. (piasport.az)