Futzal üzrə Avropa çempionatının play-off mərhələsinin cavab oyunları çərçivəsində Trnava şəhərində keçirilmiş Slovakiya – Azərbaycan qarşılaşması üçün hazırlanmış oyun proqramının üz qabığında və akkreditasiya vəsiqələrinin üzərində Azərbaycan milli komandasının oyunçusunun karikaturası öz əksini tapıb.
İdmanxeber.com AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, karikaturanın hazırlanması və nəşri Azərbaycan Futbol Federasiyaları Assosiasiyası ilə razılaşdırılmayıb.
Bu səbəbdən AFFA Slovakiya Futbol Federasiyasına, Futzal Federasiyasına və UEFA-ya etirazını bildirib.
Qeyd edək ki, Trnavada keçirilən oyun 1:1 hesabı ilə başa çatıb. İlk oyunda Bakıda rəqibinə 3:1 hesabı ilə qalib gələn komandamız iki oyunun nəticəsinə görə “Avro-2016″nın final mərhələsində oynamaq hüququ əldə edib.