Xəbər verdiyimiz kimi Bazar günü Azərbaycan I divizionunda “Şahdağ” doğma meydanda “Araz Naxçıvan”ı 2:0 hesabı ilə məğlub edib. Oyunda vurulan ikinci qol qonaq komandanın narazılığına səbəb olub.
Belə ki, Qusar təmsilçisinin futbolçuları vurulan həmin qol zamanı qapıçılarına qarşı kobudluğun qeydə alınmamasına etiraz edib. Oyunun baş hakimi Rəhim Həsənov bununla bağlı narazılığını bildirən Yusif Yusifzadəyə 87-ci dəqiqədə qırmızı vərəqə göstərib. Səbəb kimi futbolçunun yan xətt hakiminə fiziki təsir etməsi göstərilib.
Məsələni aydınlaşdırmaq üçün sözügedən futbolçu ilə əlaqə saxladıq. O saytımıza açıqlamasında bunları dedi:
"Mən yan xətt hakiminə qarşı heç nə etməmişəm. Etirazımı bildirdim, çünki o, qol zamanı bayrağı qaldırmışdı. Baş hakim mərkəzi göstərdikdən sonra laysman qərarını dəyişdi. Biz komanda şəklində ona etirazımızı bildirdik. Mən baş hakim Rəhim Həsənova dedim ki, o, niyə elə eləyir? Bayrağı qaldırıb, sonra qərarını dəyişir. Narazılıq edəndə, hakim məni itələyib, söyüş söydü. Mən də söyüşlə ona qarşılıq verdim. Buna görə də mənə birbaşa qırmızı vərəqə göstərdi".
"Biz oyundan sonra Kamran müəllimlə getdik hakimlər otağına… Orda mən Rəhimə dedim ki, sən məni söydün, mən də qarşılığın verdim. O, mənə dedi ki, nə mən səni söymüşəm, nə də sən məni. Sonra mənə bildirdi ki, sən yan xətt hakimini vurduğuna görə mən qırmızı kart göstərdim".
Xatırladaq ki, AFFA İntizam Komitəsinin qərarına görə, futbolçu iki il müddətinə futboldan uzaqlaşdırılıb.
Azər