26 Dekabr 2024
Ölkə futbolu

AFFA Şahin Diniyevin oğlunu tərbiyəsizlik etdiyinə görə 9 oyunluq cəzalandırdı

Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXI turunun “Simurq” – “İnter” matçının 84-cü dəqiqəsində “İnter” klubunun 8 №-li futbolçusu Coşqun Diniyev qol vurduqdan sonra rəqibin azarkeşləri olan tribunaya tərəf qaçaraq azarkeşlərə qeyri-etik jest göstərmişdir. Bu hadisədən sonra azarkeşlər meydana daxil olmuş və hər iki klubun futbolçuları və azarkeşlər arasında münaqişə baş vermişdir. Baş vermiş insident aradan qaldırıldıqdan sonra oyunun bərpa edilmişdir. İdmanxeber.com İntizam Komitəsinin yuxarıda qeyd edilənləri nəzərə alaraq qəbul etdiyi qərarları təqdim edir:

Hər iki klubun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klublar 500 manat cərimə olunub.

Oyun zamanı təhlükəsizlik təmin olunmadığı üçün “Simurq” klubu 2500 manat cərimə olunub.

Klub üzvlərinin iştirakı ilə oyunda yaranmış məcburi fasilə və baş vermiş iğtişaşlara görə hər iki klub 1500 manat cərimə olunub.

“Simurq” klubunun 7 №-li futbolçusu Sahib Abbasov dava-dalaşda iştirak etdiyinə  görə 6 oyunluq cəzalanıb, klub 1500 manat cərimə olunub.

“İnter” klubunun 18 №-li futbolçusu Fərhad Budaqov dava-dalaşda iştirak etdiyinə görə 6 oyunluq cəzalanıb, klub 1500 manat cərimə olunub.

“Simurq” klubunun inzibatçısı Mahmud Rasizadə dava-dalaşda iştirak etdiyinə görə 10 oyunluq cəzalanıb, klub 3000 manat cərimə olunub.

Baş vermiş hadisənin səbəbkarı “İnter” klubunun 8 №-li futbolçusu Çoşqun Diniyev dava-dalaşda iştirak etdiyinə və azarkeşlərə qarşı qeyri-etik jestinə görə 9 oyunluq cəzalanıb, klub 2500 manat cərimə olunub.

Bu hadisə ilə bağlı Hakimlər Komitəsi matçın hakimləri haqqında lazımi ölçü götürüb İntizam Komitəsinə məlumat versin.

Əvəzedici heyətlərinin XXI turunun “Sumqayıt” – “Rəvan” matçında “Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub.

I Divizionun XVII “Göyəzən” – “Lokomotiv” matçında “Göyəzən” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub.

I Divizionun XVII “Araz Naxçıvan” – “Şahdağ” matçında “Araz Naxçıvan” klubunun 5, “Şahdağ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klublar 100 manat cərimə olunub.

Oyunun 13-cü dəqiqəsində “Araz Naxçıvan” klubunun 21 №-li futbolçusu David Jinalizde ilə “Şahdağ” klubunun 13 №-li futbolçusu Vüqar Əlibabayev aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün futbolçular 4 oyunluq cəzalanıb, klublar 400 manat cərimə olunub.

Oyunun 80-ci dəqiqəsində “Şahdağ” klubunun 25 №-li futbolçusu Abdulla Zilpikarov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 20 manat cərimə olunub.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43