Azərbaycan Minifutbol Federasiyasının (AMF) fəxri prezidenti Orxan Məmmədov və federasiyanın üzvləri Azərbaycanda səfərdə olan Dünya Minifutbol Federasiyasının (WMF) prezidenti Filip Juda, Afrika Minifutbol Konfederasiyasının prezidenti Əşrəf Ben Salfa, Türkiyə Minifutbol Federasiyasının prezidenti Cem Durul, İtaliya Minifutbol Federasiyasının prezidenti Cianluka Finazzi, CAR Minifutbol Federasiyasının prezidenti Edqar Sandamela və digər ölkələrin federasiya rəhbərləri ilə görüşüblər.
İdmanxeber.az xəbər verir ki, görüşdə qonaqlar Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Minifutbol Turnirinin təşkilini yüksək qiymətləndiriblər.
Həmçinin, Azərbaycanda bu idman növünün təbliğinin yüksək səviyyədə aparıldığı, bu işdə Azərbaycan Minifutbol Federasiyasının səmərəli fəaliyyəti xüsusi vurğulanıb. Qeyd edilib ki, Azərbaycanda minifutbola göstərilən diqqət və qayğı bir çox ölkələrə nümunə olmalıdır.
Minifutbol üzrə dünya və Avropa çempionatlarının Azərbaycanda keçirilməsinə dair fikir mübadiləsinin aparıldığı görüşdə Azərbaycanın dünyanın ən mötəbər idman yarışlarına uğurla ev sahibliyi etdiyi və təşkilatçılıq sahəsində böyük təcrübəsi olduğu qeyd edilib.