21 Dekabr 2024
Kateqoriyasız

Ansi Aqolli: “Mən ermənilərə qarşı oynamaqdan qorxmuram”

Albaniya yığmasının və “Qarabağ”ın müdafiəçisi Ansi Aqolli AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Ermənistana qarşı səfər oyunu öncəsi fikirlərini bölüşüb.

İdmanxeber.com-un məlumatına görə, o, azerisport.az saytına açıqlamasında bunları söyləyib:

“Mən Albaniya yığması ilə Yerevana gəlmişəm. Amma təəssüf ki, meydana çıxa bilməyəcəyəm. Yığmamızın Serbiya ilə son oyununda sarı vərəqə aldım. Bu, seçmə mərhələdə aldığım üçün sarı vərəqə idi. Eşitmişəm ki, kimlərsə bu sarı vərəqəni qəsdən aldığımı iddia edir. Bu, düzgün deyil. Mən ermənilərə qarşı oynamaqdan qorxmuram. Sadəcə, son oyunda belə alındı”.

“Ermənilərin mənim “Qarabağ”da oynamağımdan xəbərdar olub-olmadığını bilmirəm. Bu, məni maraqlandırmır da. “Qarabağ”ın futbolçusu olduğum üçün fəxr edirəm. İndi yığma komandamızla birlikdəyəm və Ermənistanı məğlub edəcəyimizə inanıram. Bu oyun bizim üçün çox vacibdir. Bir növ finala bərabər qarşılaşmadır. Biz Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmaq istəyirik. Ona görə də bu gün Ermənistana qalib gələcəyimizə inanıram”.

Aqolli bu günün onun üçün önəmindən də söz açıb: “Bu gün mənim ad günümdür. Əminəm ki, komanda yoldaşlarım mənə qələbə hədiyyə edə biləcəklər. Məni hələ “Qarabağ”ın düşərgəsindən heç kim təbrik etməyib. Yəqin ki, bundan sonra təbrik edəcəklər”.

“Qarabağ”ın müdafiəçisi Azərbaycan yığmasının ötən gün İtaliyaya 1:3 hesabıyla uduzmasına da münasibət bildirib: “Bu oyuna baxa bilmədim. Çünki həmin vaxt məşqdə idik. Təəssüf ki, Azərbaycan yığması bu oyunda uduzdu”.

Qeyd edək ki, Albaniya yığması I qrupunda 11 xalla üçüncü pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43