22 Dekabr 2024
Kateqoriyasız

“Arsenal” – “Çelsi” matçına nə qədər bilet satılıb? – Elxan Məmmədov açıqladı

“Hökumət orqanları UEFA və “Arsenal”ın tələbinə uyğun bütün zəmanət məktublarını qitə futbol qurumuna göndərib. Aidiyyəti orqanlar tərəfindən zəruri sənədlər və təhlükəsizlik tədbirləri təmin olunub. Henrik Mxitaryanın Bakıya səfər etməsində heç bir problem olmayacaq”.

İdmanxeber.az-ın məlumatına görə, bunu AFFA-nın baş katibi Elxan Məmmədov deyib.

O, daha sonra sözlərinə belə davam edib:

“Bu məsələnin mətbuatda, ictimaiyyətdə, xüsusən də, İngiltərədə hələ də müzakirə mövzusu olmasına təəccüblənirik. Çünki biz bütün lazımi sənədləri göndərmişik. “Arsenal” rəsmiləri Bakıda olublar, bizimlə, UEFA rəsmilərilə söhbət ediblər. Ötən il “Arsenal”la “Qarabağ”ın oyunu zamanı da eyni zəmanətlər təqdim olunmuşdu. Sadəcə, baş məşqçi zədə və ya başqa bir səbəbdən onu gətirməmişdi. Ermənistan idmançıları son 10 ildə Azərbaycana problemsiz səfər ediblər. İdman siyasətdən uzaqdı, tamamilə ayrıdı. Bu üzdən Henrik Mxitaryan finalda oynamaq hüququna malikdi”.

Baş katib daha sonra bilet satışı ilə bağlı məlumat verib. Məmmədov bildirib ki, cümə gününə olan məlumata görə, dünya üzrə 25 min bilet satılıb, daha 10 min bileti Bakıda offlayn rejimdə alıblar: “Futbol artıq Avropa ölkələrinin sərhədlərini aşır. Aparıcı futbol ölkələri həmişə futbolun sərhədlərini genişləndirməyə çalışırlar. Bu, yeni imkanlar deməkdir.Azərbaycan futbol üçün ən yeni imkanlardan biridir. Biz və başqa qonşu ölkələr bu kimi tədbirlərə ev sahibliyi etməyə hazırıq və buna haqqımız var. Bu gün biz futbol dünyasına töhfə verməyə qadirik. Hər bu kimi tədbir dünyaya müsbət təsir göstərə bilər”.

Qeyd edək ki, “Arsenal”la “Çelsi” arasında final qarşılaşması mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43