Azərbaycanın beş sərbəst güləşçisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-23 Avropa çempionatında bu gün mübarizəyə başlayacaq.
İdmanxeber.az xəbər verir ki, 57 kq çəki dərəcəsində çıxış edən Nurəddin Novruzov 1/4 final mərhələsində Gennadi Diuvenji (Moldova) ilə üz-üzə gələcək.
65 kq-dakı Rəşid Babazadə təsnifatda Diuvenjinin həmyerlisi Veniamin Borzinlə görüşəcək. 70 kq-dakı Maqomed-Başir Xaniyev 1/8 finalda Narek Poqosyanla (Ukrayna), 79 kq-dakı Səbuhi Əmiraslanov 1/4 finalda Radomir Stoyanov (Bolqarıstan) – Mateuş Pedziçk (Polşa) cütünün qalibi ilə güləşəcək.
Nəhayət, 97 kq-dakı İslam İlyasov təsnifatda Ertuğrul Ağcanın (Almaniya) müqavimətini qırmağa çalışacaq.
Bu gün, həmçinin, qadın güləşçilərdən Birgül Soltanova (65 kq) finalda Amina Kapezanı (Rumıniya) sınağa çəkəcək. Gültəkin Şirinova (53 kq) bürünc medal uğrunda görüşdə Mariana Draqatun (Moldova) – Çadiya Ayaçi (Fransa) duelinin qalibi ilə qarşılaşacaq. Jalə Əliyevanın (57 kq) təsəlliverici qarşılaşmada rəqibi Nazife Mustafa Tahir (Bolqarıstan) olacaq.
Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçiləri 4 medal qazanıblar. Elmir Əliyev (60 kq), Qurban Qurbanov (72 kq) və Murad Əhmədiyev (97 kq) qızıl, Xasay Həsənli (77 kq) isə gümüş medala sahib çıxıb. Qadın güləşçilərdən isə Elnurə Məmmədova (55 kq) bürünc medala yiyələnib.