2019-cu ilin mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının final oyunu ilə əlaqədar silsilə tədbirlərin təşkil olunması planlaşdırılır.
Bunların sırasına media nümayəndələri üçün keçiriləcək “İntellektual kubok” da daxildir. Turnirdə iştirak edəcək idman jurnalistləri və klubların media nümayəndələri Avropa Liqasının tarixi, keçirilmiş maraqlı qarşılaşmalar və tanınmış futbolçularla bağlı sualları düzgün cavablandırmağa çalışacaqlar. “İntellektual kubok”da 20 komandanın iştirakı nəzərdə tutulub.
Yarış 3 saat ərzində davam edəcək.
Hər komandanın heyətində minimum 3, maksimum 5 oyunçu mübarizə apara bilər.
Eyni komandanın üzvləri müxtəlif mətbuat orqanlarını təmsil edə bilər.
İştirak etmək istəyənlər bu gündən etibarən ad, soyad, təmsil etdikləri media qurumunun, üzvü olacağı komandanın adını və əlaqə nömrələrini [email protected] elektron poçt ünvanına göndərərək qeydiyyatdan keçə bilərlər.
Son qeydiyyat tarixi: 26 noyabr, saat 18:00.
Tədbirin sonunda bütün media nümayəndələrinə sertifikatlar təqdim olunacaq. Qalib komanda isə təşkilatçılar tərəfindən dəyərli hədiyyələr qazanacaq.
“İntellektual kubok” dekabrın 10-da, saat 20:00-da Bakı Olimpiya Stadionunda keçiriləcək.
Turnirin qaydaları ilə tanış ola bilərsiniz:
Hər bir komanda maksimum 5 nəfər oyunçudan ibarət ola bilər;
Turların sayı komanda sayından asılı olaraq formalaşacaq;
Hər turda fərqli mövzular oynanılacaq;
Hər tur 6 sualdan ibarət olacaq;
Hər turda püşkatma nəticəsində təsadüfi seçilmiş 2 komanda bir-birinə qarşı mübarizə aparacaq;
İki komanda arasında keçirilən müsabiqədə daha çox xal toplamış komanda həmin turda qalib elan ediləcək;
Turda qələbəyə görə 3 xal, məğlubiyyətə görə xal verilmir. Hər iki komanda turda eyni sayda suala düzgün cavab verərsə, hər biri 1 xal qazanır;
Turnirin sonunda ən çox xal toplamış komanda qalib elan olunur (yalnız bir dövrəlik sistem olduqda);
İki və daha çox komanda turnirin sonunda eyni sayda xala sahib olarsa, bütün turlar ərzində düzgün cavabların sayı daha çox olan komandaya üstünlük veriləcək (burada da bərabərlik olarsa, komandalar arasında 5 sualdan ibarət əlavə raund keçiriləcək. Əlavə raundlar komandalardan birinin qələbə qazanacağı ana qədər davam edəcək)
Hər bir mövzu birbaşa və ya dolayısı ilə UEFA Avropa Liqasına aid olacaq.