21 Dekabr 2024
Ölkə futbolu

Azərbaycan futbolunun “yeddisi çıxdı”

Azərbaycan futbolu dərin böhran içərisəndədir. Hər keçən gün bir az daha dibə yaxınlaşırıq. Rüsvayçı nəticələr ard-arda, zəncirvari gəlir. Əsas millinin Millətlər Liqasındakı biabırçı çıxışı ilə yanaşı, U-21-in də nəticələri acınacaqlıdır.

A milliyə namizəd futbolçularımız seçmə mərhələnin sonuncu oyununda səfərdə İngiltərəyə 0:7 hesabı ilə uduzdu və qrupu 10-cu yerdə tamamladı. Aktivimizdə də cəmi 3 xal var. Bu görüşlərdə 4 qol vuran gənclərimiz 10 oyunda qapısında 30 qol görüb.

Geniş şərhə ehtiyac yoxdur. Rəqəmlər hər şeyi deyir. Daha doğrusu demir, ağlayır. Statistika bu səfər hər şeyi aydın göstərir.

Bu oyunlar zamanı məşqçilərlə, heyətdəki gənc oyunçularla qısa söhbətlərim olub. Heç kim açıqlama, müsahibə vermək istəmir. Amma oynayan-oynamayan futbolçular, vəzifədə olan-olmayan bütün məşqçilər eyni sözləri deyir:

“Bizdən nə gözləyirdiniz? Rəqiblərlə aramızdakı səviyyə fərqini görmürsünüz? Rəqib ölkələrin futbollarıyla, çempionatlarıyla bizimki arasında uçurum var. Bizim üstümüzə düşməkdənsə, bunları araşdırın. Gedin, rəqib ölkələrin stadionlarına, bazalarına baxın. Biz ömründə elə şərait görməmişik. Bizi söyməklə heç nə düzələn deyil”.

Bunlar futbolçularımız da daxil olmaqla, məşqçilərimizin də fikirləridir.

Bu, artıq ağ bayraq qaldırmaqdır, təslimiyyətdir, iflasdır. 30 ildə gördüyümüz iş, ortaya çıxardığımız futbolçular bunlardı. 

Şəfanın IV meydançası adlanan xarabalıqda, Binə və Aviasianın beton meydançalı stadionunda böyüyən uşaqları xalça kimi qazonlarda sürüyürlər. 

Millilərimiz ev oyunlarını yuxarıda qeyd etdiyim həmin stadionlarda oynamalıdır. Görək o İngiltərə, Şimali İrlandiya, Ukrayna kimi səviyyəli komandalar Şəfanın IV meydançasında nəsə edə bilər? Əsla!

Sürüyərik onları!

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43