27 Sentyabr 2024
Ölkə futbolu

“Azərbaycan gənclərinə nümunə olmaq istəyirəm ki, bu addımı atmağa cəsarət etsinlər”

“Qarabağ”ın heyətində “Çelsi” ilə Çempionlar Liqası oyununu xatırlayıram. Şansımız az idi, amma bizim üçün tarixi görüşdü. Həmçinin səfərdə keçirdiyimiz “Borussia” (Dortmund), PAOK və Roma komandalarıyla görüşləri də vurğulamaq istəyirəm”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Nürnberq”in futbolçusu Mahir Emreli klubun saytına müsahibəsi zamanı deyib. O, legioner həyatı yaşamaq qərarını verməyini isə belə xatırlayıb:

“Karyera bağlı qərar verəndə əsas ölkəm üçün etmişəm. Azərbaycandan Almaniya, Xorvatiya və ya Polşaya çox futbolçu yollanmayıb. Azərbaycan gənclərinə nümunə olmaq istəyirəm ki, bu addımı atmağa cəsarət etsinlər. Mən özüm çox ünsiyyətcil insanam, yeni və fərqli mədəniyyətlərlə tanış olmağı sevirəm”.

27 yaşlı futbolçu Azərbaycan haqda da danışıb: “Biz müsəlman ölkəsiyik, eyni zamanda çox tolerantıq. Bütün dinləri və mədəniyyətləri birləşdirməyə çalışırıq. Ölkəmizdə məscidlər, yəhudi sinaqoqları, kilsələr var. Məsələn, ruslar Ukraynadan gələn mühacirlərlə bir yerdə yaşayırlar. Ölkəmiz digər mədəniyyətlərlə birlikdə böyüyür. Bu səbəbdən heç vaxt başqa mədəniyyətə uyğunlaşmaqda çətinlik çəkməmişəm. Hazırda bu dünyada çoxlu nifrət var. İnsanlara başqa yol olduğunu göstərmək istəyirəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43