22 Dekabr 2024
Kateqoriyasız

“Azərbaycanla oyunda daha çox tərləyəcəyik”

“Deyəsən, Azərbaycanla oyunda daha çox tərləyəcəyik. Hətta deyə bilərəm ki, Bakıdakı qarşılaşma Xorvatiya ilə matçdan çətin olacaq. Çünki bu cür turnirlərdə səfər oyunlarında 3 xal qazanmaq elə də asan başa gəlmir. Bizi olduqca ağır 90 dəqiqə gözləyir”.

Idmanxeber.az-ın məlumatına görə, bu sözləri Macarıstan millisinin kapitanı Balaş Cudcak Avro-2020-nin seçmə mərhələsində Azərbaycanla Bakıda keçiriləcək oyun haqda danışarkən deyib.

32 yaşlı futbolçu ölkəsinin mətbuatına açıqlamasında Avropa çempionatının final mərhələsində oynamaq istəyini gizlətməyib: “Azərbaycanı uda bilməsək, Xorvatiya üzərində qazandığımız qələbənin heç bir önəmi qalmayacaq. Arzum Avropa çempionatında oynamaqdır. Sonuncu dəfə final mərhələsinə vəsiqə qazananda yaranmış atmosferi heç vaxt unuda bilmərəm. Minlərlə insan qələbəmizi küçələrdə qeyd edirdi. Həmin hissləri yenidən yaşamaq istəyirəm”.

Qeyd edək ki, iyunun 8-də “Bakcell Arena”da keçiriləcək Azərbaycan – Macarıstan oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Millimiz 3 gün sonra isə Slovakiya seçməsini qəbul edəcək.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43