“Neftçi”nin futbolçusu İsmayıl Zülfüqarlı klubun rəsmi saytına müsahibə verib.
İdmanxeber.az xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi yeni mövsümün komanda üçün uğurlu olacağına inandığını bildirib.
– İsmayıl, yeni baş məşqçinin rəhbərliyi altında yeni mövsümə hazırlıq necə davam edir?
– Hazırlıq yaxşı keçir. Rəsmi matçlara tam hazır olmaq üçün əlimizdən gələni edirik. Əhval-ruhiyyə də yaxşıdır. Tamamilə oyunlara köklənmişik.
– İlk yoxlama matçının ikinci hissəsində meydana daxil oldun. Məşqçi heyətində sənin oyununla bağlı fikir bildirildimi? Ümumiyyətlə, öz oyunundan razı qaldınmı?
– İlk matç üçün oyunumuzu normal sayıram. Mənə gəlincə, özümü yaxşı tərəfdən göstərməyə çalışdım. Məşqçimiz həm oyunun gedişində, həm də ondan sonra düz və səhv tərəflərimizi dedi. Səhvlərimizdən nəticə çıxarıb, onları düzəltməyə çalışacağıq.
– Ötən mövsüm 22 matçda forma geyindin, 1 qol və 3 məhsuldar ötürməyə imza atdın. Necə düşünürsən, yenilənmiş heyətlə yeni mövsümdə bu göstəricini yaxşılaşdıra biləcəksən?
– Düşünürəm ki, keçən mövsüm cəmi 1 qol vurmağımın əsas səbəbi daha çox cinah müdafiəçisi mövqeyində oynamağım oldu. Bəli, qol ötürmələrim daha çox idi. Hər bir halda ötən mövsüm yaxşı təcrübə qazandım. İnanıram ki, yeni mövsümdə komandam üçün daha da faydalı olacağam.
– Konfrans Liqasının ikinci təsnifat mərhələsində Kiprin “Aris” klubu ilə qarşılaşacağıq. Səncə, “Neftçi” bu mövsüm avrokuboklarda necə çıxış edəcək?
– Əvvəlcədən nəsə demək düzgün olmaz, amma təbii ki, mərhələni keçib, yolumuza davam etməyə çalışacağıq. Düşünürəm ki, azarkeşlərimizlə birlikdə uğurlu mövsüm keçirəcəyik. Bunun üçün çalışırıq.