15 Oktyabr 2024
Ölkə futbolu

“Azərbaycanda da uğurla çıxış etmək istərdim”

“İnter”in yeni futbolçusu İlço Naumoski klubun rəsmi saytına müsahibəsində komandaya keçidi barədə danışdı, karyerası barədə məlumat verdi və digər sualları cavablandırdı.

-Futbol karyeranız barədə məlumat verməyinizi istərdik. Məlumdur ki, siz uzun müddət Avstriyada çıxış etmisiniz.

-Bəli, futbol karyerama məhz Avstriyada başlamışam. 11 yaşımda Vyananın “Rapid” klubunda futbolla məşğul olmuşam. Peşəkar karyeram 16 yaşımda  Avstriyanın 3-cü divizionunda çıxış etdiyim zaman başlamışdı. Bu klubda bir mövsüm keçirdim və turnirin ən yaxşı bombardiri oldum. 18 yaşımda Qrats şəhərində yerləşən QAK komandasına keçdim. Bu komandanın heyətində Avstiya çempionatının qalibi oldum. Həmin mövsüm biz həm də kuboku qazandıq, beləliklə də “qızıl dubl” etdik.

QAK-ın heyətində iki mövsüm keçirdikdən sonra Türkiyənin “Malatyaspor” klubunda çıxış etməyə başladım. Qeyd edim ki, bu komandaya tanınmış mütəxəssis Aykut Qocaman rəhbərlik edirdi. Etiraf edim ki, Malatyada yaşamaq mənim üçün çətin idi. Bəli, Türkiyə çempionatı yaxşı səviyyəsilə seçilirdi, amma mən tezliklə bu ölkəni tərk etdim. Türkiyədə təqribən yarımil keçirdim. Sonra İtaliyaya yollandım. Amma orada da gözlənilməz problemlərlə qarşılaşdım. Belə ki, mənim yeni klubum “Katanya” vaxtında transfer vərəqəmi almadı və bu isə o demək idi ki, mən rəsmi oyunlarda meydana çıxa bilməyəcəyəm. Buna görə də, məqş etmək və yoldaşlıq oyunlarında iştirak etməklə kifayətlənmək məcburiyyətində qaldım. Bundan sonra Avstriyaya qayıtmağa qərar verdim və növbəti səkkiz mövsüm “Mattersburq” klubunda çıxış etdim.

-Bəs “İnter”ə keçidiniz necə baş verdi?

-“İnter” tərəfindən mənə təklif göndərildi və təklifə razılıqla cavab verdim. Azərbaycana da belə gəldim. Etiraf edim ki, məhz bu komandaya qoşulmağıma şadam.

-Buraya təşrif buyurmamışdan öncə klubumuz və ölkəmiz haqqında nə bilirdiniz?

-Səmimi deyirəm ki, “İnter” haqqında məlumatım vardı. Makedoniya millisində birlikdə çıxış etdiyimiz Slavço Georgiyevski klub barədə məlumatları mənimlə paylaşdı. O mənə dedi ki, “İnter” Azərbaycanın ən ambisiyalı komandalarından biridir. Ölkəniz haqqındasa onu bilirdim ki, Azərbaycan əvvəllər SSRİ-nin tərkibində olub. Bilirdim ki, 2012-ci ildə Azərbaycanın paytaxtı Bakı şəhərində “Avrovizion” musiqi yarışması keçirilib. Bundan başqa, mənə məlumdur ki, yerli komandaya alman mütəxəssisi Berti Foqts rəhbərlik edir. “Neftçi” və “Qarabağ” kimi Azərbaycanın digər klubları haqqında da eşitmişdim.

-2011-ci ildə Makedoniya milli komandası yoldaşlıq matçı keçirmək məqsədilə Azərbaycana gəlmişdi. Həmin oyunu xatırlayırsınız?

– Bəli, xatırlayıram. Lakin həmin oyunda iştirak edə bilmədim. Xatırlayıram ki, bu oyunda iştirak etmək üçün mənə dəvət gəlmişdi, amma mən “Mattersburq”da keçirdiyim ağır mövsümdən sonra yorulmuşdum və istirahət üçün məşqçidən icazə almışdım.

Artıq bir həftədən çoxdur komandayla birlikdə məşq edirsiniz. Klub sizə necə təsir bağışladı?

– Slavço Georgiyevskilə yaxşı tanış olduğumu bir az əvvəl qeyd etdim. Bundan başqa, Almaniyanın Bundesliqasında çıxış edən Aleksandr İaşvili ilə də mənə tanış idi. Bilirsiniz, Almaniya çempionatı Avstriyada çox populyardır. Digər uşaqlarlasa burada tanış oldum. Baş məşqçimiz Kaxaber Tsxadadze haqqında da çox eşitmişdim. O, yaxşı futbolçu idi və güclü klublarda çıxış etmişdi, hazırda o, məşqçilik fəaliyyətilə məşğuldur. Əminliklə deyə bilərəm ki, bizim yaxşı komandamız var. Düşünürəm ki, növbəti matçlarda biz lazımi nəticələri əldə edə biləcəyik.

-Şəxsən siz bu mövsüm öz oyununuzdan nə gözləyirsiniz?

-Öncədən nəsə demək istəməzdim, ancaq ümid edirəm ki, komandaya fayda vermək mənə müyəssər olacaq. İstərdim ki, “İnter” mövsümü mükafatla başa vursun. Kimin qol vurmasısa ikinci dərəcəli məsələdir. Futbol komanda oyunudur, buna görə də hamımız birlikdə uğur qazanmağa can atmalıyıq.

-“İnter”in azarkeşlərinə nə qədər qol vuracağınıza vəd verə bilərsiniz?

-Bu, yenə də komanda oyunundan asılıdır. Hücumçu heç nədən qol yarada bilməz. Əgər komanda yaxşı oynayacaqsa, o zaman hücumçulara da asan olacaq, nəticədə daha çox qol vuracaqlar. “Mattersburq”da keçirdiyim səkkiz mövsüm ərzində mən altı dəfə çempionatın yekunlarına əsasən turnirin simvolik yığma komandasına düşmüşəm və Azərbaycan çempionatında da belə uğurla çıxış etməyimi istərdim.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43