24 Dekabr 2024
Kateqoriyasız

Azərbaycanın üçqat dünya çempionuna 12 il 6 ay həbs

Bakı Ağır Cinayətlər Məhkəməsində iş adamına hədə-qorxu gələrək külli miqdarda pul tələb edən Şəmkir rayon sakini Saday İsmayılov və Cəlilabad rayon sakini Vaqif İbadovun məhkəməsi başa çatıb.

İdmanxeber.com-un Lent.az-a istinadən verdiyi məlumata görə, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 145-ci (qanunsuz azadlıqdan məhrum etmə), 181-ci (quldurluq) və 182-ci (hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham ediliblər. Hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə hər iki şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Saday İsmayılov 12 il 6 ay, Vaqif İbadov 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ötən il avqustun 9-da Saday İsmayılov tanışı Vaqif İbadovla birlikdə biznesmen Əli Məmmədovu hədələyərək 500 min manat tələb edib. Əli Məmmədov pul verməkdən imtina edib. Bu zaman o, Əli Məmmədovu maşında saxlayaraq tələbini davam etdirib. Bundan sonra Əli Məmmədov ona 120 min manat verməyə razılaşıb.

Əli Məmmədov tanışı İmran adlı şəxsə zəng edərək 120 min manat gətizdirib. Həmin məbləği alan Saday İsmayılov qurbanını azad buraxıb. O, növbəti dəfə Əli Məmmədovu hədələyərək 150 min manat tələb edib.

Nəhayət, Əli Məmmədov hədə-qorxu yolu ilə pul tələb edilməsi ilə bağlı Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət edib. Zərərçəkmişin şikayəti əsasında idarə əməkdaşları əməliyyat keçirib, Saday İsmayılov və Vaqif İbadov həbs ediliblər.

Peşəkar idmançı olan Saday İsmayılov güləş üzrə üçqat dünya çempionu adına layiq görülüb. Azərbaycan Güləş Federasiyasının idman işləri üzrə şöbə müdiri olub. 2009-cu ildə Federasiyanın idman şöbəsində ştatdankənar əməkdaş kimi fəaliyyət göstərib. Onun Federasiya ilə əməkdaşlığı cəmi bir neçə ay çəkib. Vaqif İbadov isə əvvəllər daha bir neçə ağır cinayəti törətdiyi üçün məhkumluq həyatı yaşayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43