21 Dekabr 2024
Kateqoriyasız

“Bakı-2015″in simvolları təqdim olundu FOTOLAR

Bu gün “Bakı-2015” Avropa Oyunları Ceyran və Narı ilk dəfə olaraq keçiriləcək idman tədbirinin rəsmi simvolları kimi təqdim edib.

Oyunların Əməliyyat Komitəsindən Trend.az-a verilən məlumata görə, Azərbaycanın təbiətindən və irsindən ruhlanaraq, Ceyran və Nar ölkənin qürurlu tarixini və ümidverici gələcəyini əks etdirir. Bu cütlük “Bakı-2015″in təbliğatında brend rolunda çıxış edərək bütün dünyada birinci Avropa Oyunlarının simvoluna çevriləcək.

Azərbaycanın gənclər və idman naziri, “Bakı-2015″in baş icraçı direktoru Azad Rəhimov deyib: “Bütün dünyaya Ceyran və Narı təqdim etməyə olduqca şadıq və ümid edirik ki, onlar birinci Avropa Oyunları həyəcanını özlərində əks etdirə biləcəklər. “Bakı-2015″in simvolları kimi onlar Azərbaycanda yeni nəsil idman azarkeşlərini ruhlandıracaq, həyəcanlandıracaq və əyləndirəcəklər. Onlar qarşıdan gələn aylar ərzində şəhərimizdə və ölkə ərazisində son dərəcə aydın şəkildə görünəcəklər”.

Ceyran qonaqlara Azərbaycanın zəngin irsinə nəzər salmağı təklif etməklə Oyunların mədəniyyət elçisi olacaq. Qafqaz dağlarından tutmuş Xəzər dənizinin sahillərinədək Ceyran qonaqlara ölkə boyu bələdçilik edəcək və onlara Azərbaycanın gözəlliklərini nümayiş etdirəcək.

Ceyran ölkədə təbii gözəlliyin, zərifliyin və saflığın simvolu və Azərbaycanda qorunan heyvan növlərindən biridir.

Nar günəşi sevən, Göyçay şəhərində bitən meyvədir. Həyat eşqi və enerji ilə aşıb-daşan Nar yeni idman növlərində iştirak etməyi sevir və Avropa Oyunları tədbirinə qoşulacaq.

Nar Azərbaycan folklorunda birliyi tərənnüm edir və rəngarəng “Bakı-2015” brendində əks olunaraq artıq şəhərimizdə geniş şəkildə nümayiş etdirilib.

“Bakı-2015″in əməliyyatlar üzrə baş direktoru Saymon Kleq deyib: “Bizim simvollar ilk Avropa Oyunları üçün çox əhəmiyyətlidir və onları “Bakı-2015” ailəsində salamlamağa çox şadıq. Ceyran Oyunların və Azərbaycanın zəngin irsinin zərif mədəniyyət elçisi olacaq. Nar Oyunların enerjisini, həyəcanını və əyləncəsini təmsil edir və idman sahələrində keçirilən yarışlarda iştirak edəcək”.

“Bakı-2015″in kommersiya direktoru Çarli Viceratna söyləyib: “Biz Avropa Oyunlarının əyləncəli və rəngarəng olmasını istəyirik və ümid edirik ki, Ceyran və Nar bütün Azərbaycanda məşhurlaşacaq. Belə ki, biz “Bakı-2015″də Avropanın məşhur idmançılarına ev sahibliyi etməyə hazırlaşırıq. Simvollar illüstrasiya olaraq yaradılıb, amma tezliklə animasiyalı və real görünüşə sahib olaraq Avropa Oyunları merçendayzinqinin bir hissəsi olacaqlar”.




İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43