“Arsenal” və “Çelsi”nin təkcə Londondakı deyil, Bakıya səyahət edən digər ölkələrdəki azarkeşləri olan xarici turistlərin sayından məmnun qaldıq. Boş oturacaqların əksəriyyəti əvvəldən finala bilet alan, ancaq bura gəlməyən frankfurtlu azarkeşlərdən qaynaqlanır. Bu biletlər satılmadığı üçün məyus olmadıq. Hesab edirəm ki, onlar bileti saxlamağa qərar verdilər. Bəlkə də, UEFA-ya qaytarmaq istəmədilər”.
Idmanxeber.az-ın İngiltərənin “Daily Mail” nəşrinə istinadən yaydığı xəbərə görə, bu sözləri AFFA-nın baş katibi Elxan Məmmədov Avroliqanın Bakıdakı finalı haqda danışarkən deyib.
Qurum rəsmisi azarkeşlərin yaratdığı mühit haqda da danışıb: “Şəhərdə əsl bayram idi. Bir növ London küçələrinə bənzəyirdi. “Arsenal” və “Çelsi” azarkeşləri tərəfindən yaxşı izdiham yaranmışdı. Stadionun ətrafında matçdan əvvəl əyləncə üçün gözəl proqram var idi, açılış mərasimi də gözəl idi. Bundan da yaxşısının edilə biləcəyini söyləyə bilmərəm”.