22 Dekabr 2024
Kateqoriyasız

Bakıya təlim-məşq toplanışına gələn Afrika komandası formasını itirib

Afrikanın “Prestea Mayn Starz” klubunun futbolçuları Bakıya təlim-məşq toplanışına gələrkən xoşagəlməz hadisə ilə üzləşiblər.

İdmanxeber.com-un “Report”a istinadən verdiyi məlumata görə, Bakıya “Türk Hava Yolları”na məxsus təyyarə ilə uçan qanalıların baqajı tranzit kimi istifadə etdiklər İstanbulun Atatürk Hava Limanında itib.

Komanda ümumilikdə 11 futbolçu və 1 rəhbər şəxsdən ibarət olub. Onlardan 6-nın baqajı yanlışlıqla başqa təyyarələrə göndərilib. Nəticədə komanda üzvlərinin yarısı Bakıya oyun formaları olmadan gəliblər.

Xəbəri “Report”a açıqlamasında səfərin Bakı təşkilatçısı, FİFA meneceri Günel Rusman da təsdiqləyib. O bildirib ki, yüklərini itirən futbolçular Bakıda forma ilə təmin olunublar: “Hadisə Azərbaycanda baş verməyib. Buna baxmayaraq, qonaqlar lazım olan geyimlərlə təmin olunublar. Əlimizdən gələni edirik ki, bu işdə heç bir axsama olmasın. Hələ ki, bütün işlər qaydasındadır və heç bir problem yoxdur”.

FİFA menecerinin sözlərinə görə, Qana təmsilçisinin paytaxtda 3 yoxlama görüşü nəzərdə tutulub: “Birinci yoxlama görüşü “Bakı”ya qarşı keçirilib. Oyun “Bakı”nın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qalan oyunlar üçün rəqiblər hələ tam dəqiqləşməyib. Onları ölkə çempionatında bu həftə keçiriləcək “Neftçi” – “Xəzər Lənkəran” oyununa da aparacağıq. Düşünürəm ki, bu, Azərbaycan futbolu adına kiçik də olsa, müsbət addım olacaq. İşimiz bununla yekunlaşmır. Qarşıda daha bir neçə komandanın təlim-məşq toplanışını ölkəmizdə keçirməsi üçün işlər görülür. Məqsəd əcnəbi klubların diqqətini Azərbaycana yönəltməkdir. Əminliklə deyə bilərəm ki, Azərbaycanda təlim-məşq toplanışı keçmək üçün hər cür şərait var”.

Qeyd edək ki, fevralın 7-dən paytaxtda olan “Prestea Mayn Starz” “Bakı” Futbol Akademiyasında məskunlaşıb. Toplanışa fevralın 19-da yekun vurulacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43