Premyer Liqanın XVI turu çərçivəsində "İnter" – "Suqayıt" matçını "İnter Arena"da canlı izləyən "Qarabağ"ın futbolçusu Bədavi Hüseynov matçın fasiləsində İdmanxeber.com-a müsahibə verib.
– "Anderlext"lə oyundan başlayaq. Hesabı açan tərəf siz, qalib gələn belçikalılar oldu.
– Oyuna pis başlamadıq. Bir neçə təhlükəli epizod yarada bildik. Bunlardan birini qola çevirməyi bacardıq. Bax, bundan sonra nəyin baş verdiyini deməyə çətinlik çəkirəm. Qısa zaman kəsiyində qapımızda iki qol gördük. Deyərdim, uşaq səhvləri etdik. Rəqib kifayət qədər təcrübəli idi. Amma buna baxmayaraq, fasilədən sonra da bir neçə dəfə qol vurmağa yaxın olduq. Təəssüf ki, yaranan imkanlardan faydalana bilmədik. Bu da təcrübədən qaynaqlanan məsələdi. Çünki əldə edilən imkanların hamısından yararlanmaq üçün zəngin təcrübəyə malik olmalısan.
– "Tottenhem"lə matçdakı kimi yenə ardıcıl qollar buraxdınız…
– Ola bilər ki, hesabda önə çıxdıqdan sonra sayıqlığı bir qədər azaldırıq. Ancaq rəqibin səviyyəsini də nəzərə almaq lazımdı.
– “Anderlext”in vurduğu ilk qolla bağlı fikirlərin maraqlıdı. Rəqib 5 futbolçuyla hücum qurduğu halda, “Qarabağ”ın 10 oyunçusu ya cərimə meydançasının içərisində, ya da həndəvərində qərarlaşmışdı. Necə oldu ki, 10 oyunçu 5 rəqibin qarşısını ala bilmədi?
– Ötürmə həqiqətən kəsərli alındı, sanki bıçaq yağı kəsdi. Ancaq bizim də səhvimiz oldu. Bunu ilkin təhlil zamanı Qurban Qurbanov da bizə izah etdi. Geniş təhlildə isə yəqin ki, qeyd etdiyiniz məqama da toxunulacaq. Təəssüf ki, bu cür səhvlər oyunun yekun nəticəsini şərtləndirir.
– İkinci qolu xatırlayırsan?
– Əlbəttə! Rəqib məndən sıyrıldı və mərkəzə doğru irəliləməyə başladı. Mən onun sol tərəfə dönəcəyi istiqaməti bağlamışdım. Belə olan halda, dayaq yarımmüdafiəçisi məni sığortalamalıdı. Ancaq Qara da yarım addım mənim tərəfə atmışdı. Belçikalı da uzaq məsafədən əla qola imza atdı.
– Yəqin etiraf edərsən ki, daha çox texnikalı futbola üstünlük verən “Qarabağ”da, Reynaldonun yoxluğunu taran tipli Armenteros hiss etdirməməyi bacarmadı…
– Əlbəttə, Reynaldoyla fərqli oyun üslubunda oynayırıq. Sürətli əks-hücumlar qura bilirik, onun fərdi ustalığına güvənə bilirik və s. Sıralarımıza döndükdən sonra daha asan olacaq. Demirəm ki, Armenteros texniki cəhətdən axsayır, amma düzgün qeyd etdiniz ki, o, daha çox taran tipli forvarddı. Əlbəttə, Armenterosun da üstünlükləri var. Elə bunun hesabına Avropa Liqasında da, ölkə daxilində də qollar vurur. Düşünürəm ki, o, bizə hələ çox xeyir verəcək.
– Qrupdakı rəqibləriniz bəlli olduqdan sonra heç kim “Qarabağ”ın ilk 2 pillədən birinə sahib olacağına ümid etmirdi. Geriyə dönüb, həmin səhifələri vərəqləsək, çıxışınızı necə qiymətləndirərdin?
– Oyunlarımız bir daha sübut etdi ki, püşkə əsasən, uzağa gedən nəticələr çıxarmaq lazım deyil. Biz oyunumuzla sübut etdik ki, hər bir komandayla mübarizə aparmaq gücündəyik. Keçən il də gördünüz ki, “İnter”lə də, “Sent-Etyen”lə də, sonda finala qədər irəliləməyi bacaran “Dnepr”lə də başabaş vuruşa bildik. Sadəcə, hələ ki, lazımı Avropa təcrübəmiz yoxdu. İlk baxışdan xırda görünən, lakin sonda oyunun nəticəsini müəyyənləşdirən səhvlər bizi 1/16-dən kənar qoydu.
– Rəşad Sadıqov tədricən karyerasının sonlarına yaxınlaşır. Bu cür müdafiəçidən sonra bu yükün altına girməyə hazırsan? Hər halda yaxın üfüqdə başqa namizəd görünmür…
– Rəşaddan çox şeyi öyrənmişəm. O, daim mənə dayaq olub, öyrədib. Hətta özü meydanda olmayanda belə, oyun başa çatdıqdan sonra öz tövsiyələrini verir. Sadıqovun karyerasını bitirməsi Azərbaycan futbolu üçün böyük itki olacaq. Ancaq ümid edirəm ki, o, hələ 1-2 mövsüm mənimlə çiyin-çiyinə oynayacaq. Ancaq digər müdafiəçilərimizə də artırmaq lazımdı. Məsələn, Elvin Yunuszadə. Bərkiməsinin vaxtıdı. Çünki Rəşad getdikdən sonra bu boşluğu doldurmaq lazımdı.
– Daha bir məqama toxunmaq istəyərdik. Söhbət Millətlər Liqasından gedir. Hazırda UEFA-nın reytinq cədvəlinə əsasən “D” səbətinə daxil olan (son 16 pillədə qərarlaşan yığmalar) Azərbaycanın bu yolla Avropa çempionatı-2020-yə çıxmaq şansları barədə nə deyə bilərsən?
– Açığı, bu barədə indi sizdən eşidirəm. Belə çıxır ki, 2017-ci ilin sonunadək reytinqdə irəliləmək bizə sərf etmir (gülür)?
– Reallıq budu ki, yığmamız daha 2 pillə irəliyə getsə, “C” səbətinə düşəcək və burda daha elitar rəqiblərlə mübarizə aparmalı olacaq…
– Doğrudan da xoş xəbərdi. Amma bu o, demək deyil ki, biz asanlıqla “D” səbətinin qalibi olacağıq. Özünüz də görürsünüz ki, Moldova, Malta kimi yığmalarla da çətinliklərlə üzləşirik. Bu gün asan rəqib qalmayıb. Amma bütün halarda, bu, bizim üçün əla şansdı! Dünya çempionatının seçmə mərhələsində döyüşkən kollektiv formalaşdırıb, Millətlər Liqasında uğura imza atmaq mümkündü. Xeyli gənc və istedadlı futbolçularımız yetişir. Dünya çempionatının seçmə mərhələsində özlərini ən yaxşı tərəfdən göstərib, təcrübə toplayıb, Avropa Çempionatının finalına yüksəlmək uğrunda mübarizə aparmaq mümkündü. Hər halda Almaniya, İngiltərə, Fransa, İtaliya kimi komandalarla üz-üzə gəlməyəcəyik ki, rəqiblər aşkar favorit olsun.