“Qətərlə yoldaşlıq və Lüksemburqla seçmə mərhələ oyunlarını izləmişəm. Nəticə və oyun baxımından pis çıxış etdik. Bilmirəm, buna nə demək olar”?
İdmanxeber.az xəbər verir ki, bu fikirləri Azərbaycan millisinin sabiq qapıçısı Kamran Ağayev “İdman TV”yə müsahibəsində bildirib.
Hazırda “Səbail” klubunda çıxış edən 35 yaşlı qolkiper Robert Prosineçkinin Azərbaycan millisində işlədiyi dönəmi xatırlayıb: “Həmin vaxt oynayanda “Niyə də yox?!” şüarı çıxmışdı. İlk 3 matçda 7 xal toplamışdıq. Həmin vaxt fikirləşirdim ki, indi olmasa belə, iki il sonra oynamasam və ya karyeramı bitirsəm, Azərbaycan futbolu yuxarılara doğru gedəcək. Düşüncələrim bu yöndə idi və potensiallı görünürdük. Bütün futbolçular əla formada idilər. Amma gördük ki, bundan əvvəlki və hazırkı seçmə mərhələdə eyni nəticə qeydə alındı, özümüz isə get-gedə arxaya gedirik”.
Ağayev hazırda Azərbaycan millisinin yaxşı futbolçulara malik olduğunu vurğulayıb: “Bizim dövrümüzdə də yaxşı oyunçular var idi. Baş məşqçi əsas heyətdə kimləri oynadacağına tərəddüd edirdi. Bir mövqedə 4-5 hazır futbolçu var idi. Amma klub miqyasında beynəlxalq oyunlarda o qədər də çıxış etməmişdik. Bu gün isə artıq “Qarabağ” daim avrokubokların qrupunda mübarizə aparır. Həmin oyunçular millidə də çıxış edir. Mahir Emreli və digərləri legioner həyatı yaşayırlar. Futbolçuların səviyyəsi baxımından heyət hazırda daha əlverişlidir. Amma nəticələrimiz niyə belə olur? Bilmirəm. Gündən-günə arxaya gedirik”.
Təcrübəli oyunçu uğursuzluğun səbəbini bilmədiyini sözlərinə əlavə edib: “Biz 2013-cü ildə Lüksemburqda oynayanda ilk hissədə zədələnmişdim. Həmin görüşdə 2:1 hesablı qələbə qazandıq. Mən isə ağır zədəyə görə əməliyyat olundum. Bundan heç kim sığortalanmayıb. Hazırkı Lüksemburq da əvvəlki komanda deyil. Onlarda da artım var. Əvvəlki kimi futbol oynamırlar. “Bizdə niyə yoxdur?” sualı ortaya çıxır. Pisləmək istəmirəm, özüm hazırda idmandayam. Dediklərim bütün futbolçulara pis təsir edə bilər. Təbii ki, nəticə və iş göz qabağındadır”.
O, Azərbaycan millisinin qapıçıları barədə də fikir işlətmək istəmədiyini deyib: “Bu, kollektiv idman növüdür. Burada hansısa oyunçunun üzərinə köklənmək olmaz ki, sən zəif oynadın və uduzduq. Ümumiyyətlə, milli komandada oyun yoxdur. Lüksemburqa 1:3 hesabı ilə uduzduq və qırmızı vərəqə aldıq. Qırmızı vərəqəyədək də mərkəzi keçə bilmirdik”.
Kamran Ağayev Azərbaycan millisində 2008 – 2018-cı illərdə forma geyinib.