Ölkə futbolu

“Bizdə olan şəraiti gördükcə axın daha da artır”

“İlk başlayandan məqsədimiz uşaqların idmanla məşğul olmalıdır. Rəhbərlik azyaşlıların pis vərdişlərdən uzaq olması üçün belə bir addım atıb. Əvvəlcə atam – əməkdar məşqçi Salman Səfərov uşaqlara məşq keçirdi. Daha sonra maraq artdı, uşaqlar gəlməyə başladı. 2018-ci ildən fəaliyyət göstəririk. Pandemiya vaxtı məcburi fasilə yaransa da, indi hər şey qaydasındadır. Hazırda üstü bağlı stadion tikilir, artıq yekunlaşmaq üzrədir”.

Bu sözləri idmanxeber.az saytına Qusarda fəaliyyət göstərən “Metak” uşaq futbol klubunun baş məşqçisi Mehman Səfərov deyib. O, 150-200-ə yaxın uşaqla məşqlərin davam etdiyini bildirib:

“Bir çox yaş qrupu üzrə komandalarımız var. Bakıdakı oyunlara bir gün öncə gedirik. Şəraitimiz çox yaxşıdır. Böyük stadion tikintisi başlamalıdır. Açığı, onun tutumunun nə qədər olacağı ilə bağlı məlumatım yoxdur. Uşaqların hamısı tibbi baxışdan keçiblər. Hər şey pulsuzdur. Səfərə getdikdə yemək, qalmaq hamısı klub tərəfindən ödənilir. Hər şeyimiz var. Bizdə olan şəraiti gördükcə axın daha da artır. Hər gün zənglər gəlir, hamı övladına bizi əmanət etmək istəyir. Respublika daxili bütün turnirlə dəvət alırıq. Valideyinlər özləri də bizim kluba maraqlıdırlar.

“Metak”da hazırda 5 məşqçi çalışır. Hamısı rəhbərlik tərəfindən oxutdurulub, AFFA-dan kateqoriya alıblar. Kklubun məqsədi böyükdür. Gələcəkdə məşqçilərin də sayı artacaq. Biz əvvəlcə istəyirik ki, əlimizdə olan uşaqları tam yetişdirək. Nəticə bizim üçün elə də maraqlı deyil”.

Səfərov AFFA-dan hər hansı bir yardım almadıqlarını bildirib. O, hər şeyi rəhbərliyin özünün etdiyini də vurğulayıb:

“Biz AFFA-nı yalnız çempionatı təşkil edən qrum kimi tanıyırıq. Onlara yardımla bağlı heç bir müraciətimiz olmayıb. Bəlkə nəsə istəsək, verərlər. Ancaq belə bir tələbimiz olmayıb. Ümumiyyətlə, maliyyə məsələləri ilə çox da maraqlanmırıq. Bu, rəhbərliyə aid olan durumdur”.

 

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43